Beynəlxalq səyyahlar Şuşaya səfər edib - FOTO

Tarix: 25.07.2024 12:05

Dünya miqyaslı 4 böyük səyyah klubundan biri olan - MTP (Most Traveled People) səyahət klubunun 35 nəfərlik geniş heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərinə gəlib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, səyyahlara Şuşa şəhərinin tarixi haqqında məlumat verilib.

Onlar şəhərin tarixi əraziləri, həmçinin şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

Xatırladaq ki, heyətə dünyanın ən böyük səyyahları siyahısında adı ilk onluğa düşmüş Çarlz Vili (Charles Veley) rəhbərlik edir, səfərə 13 ölkədən beynəlxalq səyahətçilər qatılıb. Bu ölkələr sırasında ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digərləri də var.

Qeyd edək ki, bundan əvvəl MTP (Most Traveled People) 3 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib, bu, həmin klubun işğaldan azad edilən ərazilərə sayca 4-cü səfəridir. 44 günlük Vətən müharibəsindən ötən 4 il ərzində isə 50-ə yaxın ölkədən 400 nəfərə yaxın beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzura 10 dəfə səfər edib. Bugünkü səfər bu qəbildən olan sayca 11-ci səfərdir.

Xəbər Lenti