- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 27.07.2024 12:25
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə Hissəsində “Qəzalar zamanı yüksəklikdən zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib.
FHN-dən APA-ya verilən xəbərə görə, təlimdə Salyan, Biləsuvar, Hacıqabul, Sabirabad, Saatlı rayon Yanğından Mühafizə hissələrinin və Şirvan şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin xilasediciləri iştirak ediblər.
Təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və həyata keçirilməsi qaydaları, o cümlədən əməliyyat şəraitinin operativ qiymətləndirilməsi, kəşfiyyatın aparılması, hündürmərtəbəli binalardan zərərçəkmişlərin xilas olunaraq təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə zamanı idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti qəza baş vermiş “bina”da əməliyyat şəraitinə uyğun olaraq operativ kəşfiyyat işləri apararaq aşkar olunmuş “zərərçəkmişləri” təxliyə edib, onlara “təxirəsalınmaz ilkin yardım göstərib”, həmçinin qarşıya qoyulmuş digər tapşırıqları uğurla icra ediblər.
Yekunda təlimin nəticələri müzakir olunub, müvafiq tapşırıqlar verilib.