Azərbaycanda bəzi yerlərdə güclü yağış yağır - FAKTİKİ HAVA

Tarix: 28.07.2024 12:06

Ölkə ərazisində müşahidə olunan hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 28-i saat 11:30-a olan məlumata əsasən bölgələrdə qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərdə leysan xarakterli güclü yağış yağır.

Yağan leysan xarakterli yağışlar nəticəsində isə Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan, Şəki rayonu ərazisindən axan Kişçaydan, Zaqatala rayonu ərazisindən axan Talaçaydan, Qax rayonu ərazisindən axan Kürmükçaydan, Quba rayonu ərazisindən axan Xınalıqçaydan, Samux rayonu ərazisindən axan Qabırrıçaydan, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, Gəncəçaydan, Astara rayonu ərazisindən axan Təngərüdçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan sel keçib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 27, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti iyulun 29-u axşamadək davam edəcək.

Xəbər Lenti