Georgi Poltavçenko: Sankt-Peterburqda Heydər Əliyevə hər zaman böyük sevgi olub

Tarix: 12 Dec 2023 12:16

Heydər Əliyev Azərbaycan və Rusiya dostluğunun davam etməsi üçün çox işlər görüb.

Bunu APA-nın Rusiya bürosuna müsahibəsində Sankt-Peterburqun keçmiş qubernatoru Georgi Poltavçenko bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Sankt-Peterburq üçün yad insan deyil: "Biz onu təkcə şəhərimizdə təhsil aldığına görə yox, ümumi Vətənimiz Sovet İttifaqının sosial və iqtisadi inkişafı üçün çox işlər gördüyünə görə öz doğma adamımız hesab edirik. O, Azərbaycan Prezidenti kimi Azərbaycan və Rusiya dostluğunun davam etməsi üçün çox işlər görüb və tez-tez şəhərimizdə səfərdə olub. Bütün bunlar onu deməyə əsas verir ki, Sankt-Peterburqda həqiqətən də ona böyük sevgi olub və var”.

2011-2018-ci illərdə Peterburqa rəhbərlik etmiş Poltavçenko Heydər Əliyevlə bağlı şəxsi xatirəsini də bölüşüb:

“Mənim Heydər Əliyevlə ilk görüşüm 1980-ci illərin əvvəllərində Bakıda, Bilgəhdə yerləşən Dövlət Təhlükəsizlik Komitəsinin sanatoriyasında olub. Mən orada istirahət edirdim. Heydər Əliyev də orada istirahətdə idi. Biz həmkarlarımla, həyat yoldaşlarımızla İstirahət Evinin parkında gəzirdik. O bizim haradan olduğumuzu soruşdu. Biləndə ki, Leninqraddanıq, bizi çay süfrəsinə dəvət etdi. Hardasa bir saata yaxın Leninqrad barədə, şəhərin həyatı, xidmət barədə söhbət elədik. Mən onun şəhərimizi nə qədər sevdiyini gördüm. O, bizə xidmətdə uğurlar arzu elədi. Mən, o zaman Dövlət Təhlükəsizliyi orqanında çalışırdım. Bu görüş ömrümün sonuna qədər yaddaşımda qalacaq. Fürsətdən istifadə edib, doğma şəhərim Bakıya salam göndərirəm".

Xəbər Lenti