Agentlik: Hazırda bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir

Tarix: 31.07.2024 15:15

Hazırda ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir

APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub:

“Bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Belə ki, Elm və Təhsil Nazirliyi özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edib. Müsabiqə ilə dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqlar özəl bağçalarda boş qalan yerlərə cəlb ediləcək və təhsil haqqının bir hissəsi qrant vasitəsilə maliyyələşdiriləcək. Əlavə olaraq, icma əsaslı məktəbəqədər təhsil qrupları, qrant layihələr çərçivəsində yaradılan qısamüddətli təlim qrupları və ailə tipli təlim qrupları modeli məktəbəqədər təhsildən kənarda qalmış uşaqların məktəbəqədər təhsil xidmətləri ilə təmin olunmasını hədəfləyir”

O, deyib ki, İcma Əsaslı Məktəbəqədər Təhsil” layihəsinin məqsədi 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, İcma əsaslı məktəbəqədər təhsil mərkəzləri və valideyn birliklərinin yaradılması, məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir:

"Hazırkı dövrədək icma əsaslı məktəbəqədər təhsil qrupları ölkənin 55 şəhər və rayonu əhatə edib. Bu model Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 fevral tarixli 64 nömrəli qərarı ilə tənzimlənir. Həmin layihə çərçivəsində bölgələrdə məktəb daxilində icma əsaslı uşaq təlim mərkəzləri yaradılıb. Davamlı peşəkar təlimlərə cəlb olunan tərbiyəçi-müəllimlər valideynlərlə birlikdə əməkdaşlıq edərək həm icma əsaslı məktəbəqədər təhsil qrupunda, həm də evdə uşaqlar üçün keyfiyyətli öyrənmə mühiti yaradıb".

Xəbər Lenti