Azərbaycan Avropaya qazın ixracını 14%-dək artırıb

Tarix: 09.08.2024 10:21

Bu ilin 7 ay ərzində Azərbaycanda təxminən 29,5 milyard kubmetr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qazın 7,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşlı” yataqları blokundan (AÇG), 16,5 milyard kubmetri “Şahdəniz” yatağından, 0,9 milyard kubmetri Abşerondan, 4,4 milyard kubmetri SOCAR üzrə hasil olunub.

“Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1,3 milyard kubmetr artım qeydə alınıb”, - məlumatda qeyd olunur.

Hesabat dövründə xaricə qaz satışı təxminən 14,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 5,7 faiz çoxdur.

“Cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,8 milyard kubmetr, Avropaya təqribən 7,5 milyard kubmetr (13,6% artım), Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,3 milyard kubmetr qaz nəql olunub”, - məlumatda vurğulanır.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Xəbər Lenti