BTC ilə tranzit neftin nəqli 10%-dən çox artıb

Tarix: 14.08.2024 13:14

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda neft kəmərləri ilə 22 771 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 1,32% çoxdur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 75,4%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 17 167 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,5% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,3%-i və ya 13 952,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18,7%-i və ya 3 214,5 min tonunu (10,5% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, ötən il magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% çoxdur.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,6%-i və ya 24 950,9 min tonunu Azərbaycanda hasil edilən neft, 17,4%-i və ya 5 240,7 min tonunu (2,7% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xəbər Lenti