- , 22 Dekabr, 2024
Tarix: 15.08.2024 13:11
Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra meyitinin qalıqları tapılan şəhid Yarıyev Qənbər Teymur oğlunun nəşi Salyanda ailəsinə təhvil verilib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, şəhid Qənbər Yarıyevin nəşi Salyan sakinləri tərəfindən izdihamla qarşılanıb, doğulub boya-başa çatdığı və ailəsinin yaşadığı evə gətirilib.
Şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin yaxınları, rayon ictimaiyyəti, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Yarıyev Qənbər Teymur oğlu 1966-ci ildə Salyanda doğulub. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulub. 1992-ci il yanvarın 26-da Şuşa rayonu Daşaltı kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkar edilib.