- , 22 Dekabr, 2024
Tarix: 19.08.2024 13:04
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura ictimaiyyətə müraciət edib.
APA-nın xəbərinə görə, müraciətdə deyilir ki, son günlər respublikanın ayrı-ayrı bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə - Şuşada, Laçında və digər yaşayış məntəqələrində əraziyə səfər edən bir sıra şəxslərin yol kənarlarını, dağları, meşələri, bulaqları və digər ictimai yerləri məişət tullantıları ilə çirkləndirməsinə dair çoxsaylı foto və videolar yayılıb.
“Bu cür halların kütləviləşməsi bizi dərindən narahat edir, hesab edirik ki, ətraf mühiti qorumaq yalnız bir fərdin məsuliyyəti deyil, bütün cəmiyyətin ortaq vəzifəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir, azad olunmuş bölgələrdə işğal dövründəki dağıntılar, xarabalıqlar üzərində nümunəvi abadlıq, quruculuq və bərpa işləri aparılır. Tullantıları hara və necə gəldi atan şəxslər bu böyük zəhmətə və əməyə qarşı hörmətsizlik etdiklərinin, qəbul olunmaz bir hərəkətə yol verdiklərinin fərqində olmalıdır.
Biz ətraf mühitin qorunması və cəmiyyətimizin sağlam gələcəyi naminə bu cür şəxslərə qarşı barışmaz mövqe tutduğumuzu bəyan edirik. Təbiətə münasibətdə belə naqis davranışlar “Yaşıl Dünya Naminə Həmrəylik İli”ndə xüsusilə yolverilməzdir.
Qəti mövqeyimiz ondan ibarətdir ki, belə halların qarşısını almaq üçün ən sərt tədbirlər görülməli, qanunvericiliklə ciddi cəzalar tətbiq olunmalı və bu davranışlara qarşı ictimai qınaq güclənməlidir. Hər kəsin üzərinə düşən məsuliyyəti dərk etməsi və ətraf mühitə zərər vurmaqdan çəkinməsi vacibdir. Biz bu istiqamətdə həm aidiyyəti dövlət qurumlarını, həm də vətəndaşları daha fəal olmağa, tullantıların düzgün idarə edilməsini təmin etmək üçün səyləri birləşdirməyə çağırırıq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura olaraq, vəziyyəti monitorinq etməkdə davam edəcəyik”, - deyə müraciətdə bildirilir.