- , 22 Dekabr, 2024
Tarix: 21.08.2024 11:43
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda Qızılağac Milli Parkında birgə tədbir keçirilib.
Bu barədə APA-ya FHN-dən məlumat verilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti yerli qurumlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Qızılağac Milli Parkının əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin əhəmiyyətini vurğulayıblar.
Eyni zamanda, kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin praktiki hissəsində şərti olaraq baş vermiş meşə yanğınının qarşısının alınması əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirilib.