FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Tarix: 16.10.2024 11:45

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

APA nazirliyə istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi, şimşək çaxacağı, bir sıra yerlərdə küləyin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə daha da enəcəyi gözlənilir.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan vətəndaşların diqqətli olmaları, daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaları, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaları tövsiyə edilir.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinliklər, eləcə də havanın temperaturunun enməsi fonunda qızdırıcılardan istifadənin artması nəzərə alınaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"

Xəbər Lenti