Kreml ABŞ-nin Ukraynaya hərbi yardımını dayandırması ilə bağlı “çəhrayı eynək taxmağa” tələsməməyə çağırıb

Tarix: 11.03.2025 11:56

ABŞ-nin Ukraynaya hərbi yardımını dayandırması ilə bağlı “çəhrayı eynək taxmağa” tələsmək lazım deyil.APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Vaşinqtonun Kiyevə hərbi yardımı dayandırması ilə bağlı sevinməməyə çağırıb.

"Biz həmişə ən yaxşısına ümid etməliyik, amma yenə də ən pisinə hazır olmalıyıq. Biz həmişə öz maraqlarımızı müdafiə etməyə hazır olmalıyıq. İndi çoxları çəhrayı eynək taxmağa tələsir və deyirlər ki, indi amerikalılar silah tədarükünü dayandıracaqlar və ya artıq dayanıblar, indi Elon Mask öz rabitə sistemlərini söndürəcək və hər şey bizdə alınacaq. Bu baş vermədən də bizdə hər şey alınacaq", deyə Kremlin sözçüsü "Müasir media: mənalı strategiyalar və kadr hazırlığı” mövzusunda elmi-praktik konfransda bildirib.

Peskov vurğulayıb ki, Rusiyaya qarşı proksi və kvazi müharibə aparılır, lakin rusiyalı mütəxəssislər də bu sahədə bacarıqlıdırlar.

Putinin sözçüsü Rusiyanın informasiya müharibəsində qalib gələcəyinə əmin olduğunu söyləyib.