Şənbə, 19 İyul, 2025
Tarix: 18.07.2025 11:52
Süni intellekt və iqlim dəyişiklikləri hazırkı dövrdə ali audit orqanlarının qarşısında duran əsas çağırışlardır.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən ASOSAI və ARABOSAI təşkilatlarının birgə toplantısında çıxışında deyib.
Onun sözlərinə görə, bu çağırışlar həm texnoloji transformasiya, həm də sosial-iqtisadi sabitlik baxımından ali audit orqanlarının funksiyalarına birbaşa təsir göstərir.
“Süni intellektin audit proseslərinə inteqrasiyası istər böyük verilənlərin təhlili, istərsə də qabaqlayıcı nəzarət sistemlərinin qurulması baxımından auditin effektivliyini xeyli artıracaq. Bu texnologiyaların yalnız özəl sektor üçün deyil, dövlət idarəçiliyi və ictimai xidmətlər sahəsində də ciddi dəyişikliklərə yol açdığı artıq bəllidir”, – deyə Vüqar Gülməmmədov bildirib.
O, iqlim dəyişikliyi ilə bağlı risklərin isə yalnız ekoloji deyil, sosial və iqtisadi sabitliyə təsir göstərdiyini vurğulayıb. Bu səbəbdən iqlimə dair qlobal tədbirlərin icrası və nəzarəti sahəsində ali audit qurumlarının iştirakı mühüm əhəmiyyət kəsb edir. Gülməmmədov bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin bu sahədə beynəlxalq təşəbbüslərə fəal dəstəyinin göstəricisidir.