Cümə axşamı, 16 Oktyabr, 2025
Tarix: 16.10.2025 11:47
Qarabağda 1 700-dən çox ailə yeni mənzillərə köçürülüb.
“APA-Economics” xəbər verir ki, bunu Xankəndidə keçirilən "III Azərbaycan Milli Şəhərsalma Forumu"nda çıxış edən Azərbaycan Dövlət Mənzil İnşaat Agentliyinin (MİDA) aparat rəhbəri Fərman Qurbanlı bildirib.
O deyib ki, Qarabağda həyata keçirilən mənzil layihələri Böyük Qayıdış prosesinin əsas istiqamətlərindən biridir.
“Qarabağ bölgəsində üç layihəmiz uğurla başa çatıb. Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında ümumilikdə 1 700-dən çox ailə yeni mənzillərə köçürülüb,” – deyə o qeyd edib.
F.Qurbanlının sözlərinə görə, layihələr çərçivəsində yalnız yaşayış binaları deyil, həm də sosial infrastruktur yaradılıb: “22 sosial obyektin tikintisinə başlanılıb, onların 16-sı artıq istifadəyə verilib – bunlar 5 məktəb, 9 uşaq bağçası və 2 tibb müəssisəsidir.
O əlavə edib ki, Agentlik ümumilikdə son 9 ildə 18 layihə icra edib, onlardan 8-i üzrə 12 min mənzil tam istifadəyə verilib. Hazırda 4 layihə üzrə tikinti, 3 layihə üzrə isə layihələndirmə davam edir.