“Lukoil”in Bolqarıstandakı aktivlərinə nəzarət xarici idarəçiyə keçib

Tarix: 20 Nov 2025 11:44

“Lukoil Neftokim Burgas”, “Lukoil–Bolqariya” və “Lukoil” Qrupunun Bolqariyadakı digər təşkilatlarının idarəetmə orqanlarının bütün səlahiyyətləri xarici idarəçiyə keçib.

Bu barədə “APA-Economics” Rusiyanın iri neft çirkətlərindən biri olan “Lukoil”in rəsmi məlumatına istinadən xəbər verir.

“”Lukoil” zavodun, yanacaqdoldurma məntəqələri şəbəkəsinin və Bolqariyadakı digər aktivlərin yeni sahibinə satışı üzrə sövdələşmənin həyata keçirilməsi üçün zəruri tədbirlər görür və xarici idarəçinin fəaliyyəti bu prosesə mane olmayacağına ümid edir”, - məlumatda bildirilir.

Qeyd olunur ki, tərkibinə “Lukoil Neftokim Burgas”, “Lukoil–Bolqariya” və “Lukoil” Qrupunun Bolqariyadakı digər təşkilatları daxil olan “Lukoil International GMBH” şirkəti, Lukoil-in beynəlxalq aktivlərinin satışı məqsədilə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən 13 dekabr 2025-ci il tarixinədək qüvvədə olan Ümumi Lisenziya alıb.

“Şirkət öz hüquqlarının və qanuni mənafelərinin pozulacağı halda onların məhkəmə qaydasında müdafiəsi hüququnu özündə saxlayır”, - məlumatda vurğulanır.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 22 oktyabr tarixində “Lukoil” və onun 50%-dən çox paya sahib olduğu törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Onlarla olan bütün əməliyyatlar 21 noyabr tarixinədək başa çatdırılmalıdır. Avropa İttifaqı isə 23 oktyabrda açıqlanan 19-cu sanksiya paketinin çərçivəsində Dubayda yerləşən “Lukoil”un ticarət bölməsi “Litasco Middle East DMCC”yə qarşı məhdudiyyətlər tətbiq edib.

Xəbər Lenti