Qobuda yük və minik maşınları toqquşub, 3 nəfər ölüb - FOTO - VİDEO - YENİLƏNİB

Tarix: 08 Dec 2025 14:20

Dekabrın 8-də saat 09:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qobu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Bu barədə APA-ya Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı, 1 nəfərin (qadın) isə xəstəxanaya qədər ölüm faktı qeydə alınıb", məlumatda deyilir.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

Məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində sürücünün meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

12.57

Bu gün saat 08:35 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisindən keçən avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, Umudvar Abbasovun idarə etdiyi “MAN” markalı yük avtomobili yağışlı hava şəraiti və sürət rejimini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetmə itib və qarşıdan gələn “Toyota” markalı minik avtomobili ilə toqquşub.

https://t.me/apa_az/110083

Hadisə nəticəsində “Toyota” markalı avtomobilin sürücüsü Zaur Məmmədov və sərnişini Mariyə Məmmədova hadisə yerində həyatlarını itirib, digər sərnişin Mübarək Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

"Təhlillər göstərir ki, yolun sürüşkən olduğu hava şəraitində nəqliyyat vasitələrinin tormozlanma məsafəsi əhəmiyyətli dərəcədə artır, idarəetmə çətinləşir və kəskin manevrlər qəza riskini ciddi şəkildə yüksəldir. Belə hallarda sürət rejiminin pozulması, eləcə də nəqliyyat vasitəsinin texniki vəziyyətinə lazımi nəzarətin edilməməsi ağır nəticələrə səbəb olur.

Yağışlı və sürüşkən yol şəraitində sürücülər:

- hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli;

- kəskin və riskli manevrlərdən çəkinməli;

- nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasını, xüsusən də təkərlərin mövsümə uyğun seçilməsini təmin etməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizlik, yol və hava şəraitinin düzgün qiymətləndirilməməsi kimi qayda pozuntularının əksər hallarda ağır nəticələrə səbəb olduğunu bir daha xatırladır və sürücüləri bu acı hadisələrdən düzgün nəticə çıxarmağa çağırır", məlumatda deyilir.

Qobu yol qəzası ölüm faktı xəsarət

Xəbər Lenti