Çərşənbə, 10 Dekabr, 2025
Tarix: 11.12.2025 00:14
Nobel mükafatı laureatlara təqdim edilib
İsveçin paytaxtı Stokholmda Nobelin builki laureatlarına mükafatlar təqdim edilib.
APA xəbər verir ki, mərasim “Stockholm Concert Hall”da keçirilib.
2025-ci ilin Nobel mükafatı kimlərə təqdim edilib?
Qeyd edək ki, oktyabrın 6-da tibb üzrə Meri E. Brunkou, Fred Ramsdell və Şimon Sakaquçi, 7-də fizika üzrə Con Klark, Mişel H. Devore və Con M. Martinis, 8-də kimya üzrə Susumu Kitagava, Riçard Robson və Omar M. Yaqi, 9-da ədəbiyyat üzrə Laszlo Krasznahorkai 2025-ci ilin Nobel mükafatı laureatları elan edilib. Oktyabrın 13-də isə Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə "Sveriges Riksbank" mükafatının laureatları Joel Mokir, Filippe Aghion və Peter Houitt elan edilib.
Nobel Sülh mükafatı Olsoda təqdim edilib
Bu gün Norveçin paytaxtı Olsoda isə Nobel Sülh mükafatının builki laureatı Venesuela siyasətçisi, müxalifət lideri və insan haqları müdafiəçisi Maria Korina Maçadonun mükafatı qızı Anna Korina Maçadoya təqdim edilib. Norveç Nobel Komitəsi oktyabrın 10-da Nobel Sülh mükafatının Maria Korina Maçadoya verilməsi barədə qərar qəbul edib.
Laureatlar Nobel mükafatına niyə görə layiq görülüblər?
Meri E. Brunkou, Fred Ramsdell və Şimon Sakaquçi periferik immun tolerantlığı ilə bağlı kəşflərinə görə, Con Klark, Mişel H. Devore və Con M. Martinis elektrik dövrəsində makroskopik kvant tunelləşməsi və enerji kəmiyyətləşdirilməsinin kəşfinə görə, Susumu Kitagava, Riçard Robson və Omar M. Yaqi metal–orqanik çərçivələrin inkişafına görə, Laszlo Krasznahorkai apokaliptik qorxu fonunda incəsənətin gücünü təsdiqləyən, təsirli və vizioner yaradıcılığına görə, Maria Korina Maçado isə Venesuela xalqının demokratik hüquqlarını təşviq etmək istiqamətində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçid uğrunda apardığı mübarizəyə görə layiq görülüblər.
Nobel mükafatı hər il Alfred Nobelin anım günündə laureatlara təqdim edilir
Qeyd edək ki, mərasim hər il 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anım günündə keçirilir. Nobelin vəsiyyətinə uyğun olaraq, Sülh mükafatı Osloda, digər bütün mükafatlar isə Stokholmda təqdim edilir.
Nadir Yalçın Nobel mükafatı sülh ədəbiyyat iqtisadiyyat fizika kimya tibb İsveç Stokholm