Ukrayna, ABŞ və Aİ Parisdə Trampın planı ilə bağlı kritik danışıqlar aparacaq

Tarix: 12.12.2025 01:45

Ukrayna, ABŞ və Avropa İttifaqı Trampın sülh planında yer alan mübahisəli bəndlərlə əlaqədar Parisdə mühüm görüş keçirəcək. APA xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

Görüşdə Ukrayna, Fransa, Almaniya və Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşavirləri iştirak edəcək. ABŞ dövlət katibi Marko Rubionun Parisə gəlib-gəlməyəcəyi isə hələlik dəqiqləşməyib.

Görüşün əsas mövzusu Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü 20 maddəlik sülh planı olacaq. Tərəflər xüsusilə ərazi məsələləri və təhlükəsizlik təminatları ilə bağlı razılıq əldə etməyə çalışacaqlar.

Məlumatlara görə, hazırda Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonun plana sürətlə razılıq verilməsi yönündə təzyiqi ilə üzləşir. Bu plan əhəmiyyətli ərazi güzəştlərini nəzərdə tutur. Avropa ölkələri isə Kiyevi ehtiyatlı davranmağa və hər bir addımı diqqətlə ölçüb-biçməyə çağırır.

Paris görüşü Ukrayna üzrə yeni danışıqlar mərhələsinə hazırlığın əsas addımlarından biri ola bilər. Lakin nəticələri hələlik qeyri-müəyyəndir, çünki Avropa ölkələri Trampın təkliflərinin bir qisminə skeptik yanaşır.