Cümə, 12 Dekabr, 2025
Tarix: 12.12.2025 00:53
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, dekabrın 10-da ABŞ-a təqdim edilən sülh planı hələ tamamlama mərhələsindədir və yekun variant hesab edilmir. APA xəbər verir ki, O, bu barədə jurnalistlərlə görüşü zamanı danışıb.
Onun sözlərinə görə, sülh təşəbbüsü bir neçə sənəddən ibarətdir və həmin sənədlərin bir çoxunun üzərində hələ iş aparılacaq. Prezident qeyd edib ki, bu sənədlərin məzmunu 20 maddəlik əsas planın hansı formada qəbul ediləcəyindən asılıdır.
Dövlət başçısı təhlükəsizlik təminatlarının hazırlanmasının davam etdiyini vurğulayıb. O deyib ki, təminatlar real olmalı və Ukraynanın üçüncü dəfə Rusiya hücumuna məruz qalmaması üçün effektiv mexanizm yaratmalıdır.
Zelenski bildirib ki, ABŞ sülh planının qəbulu üçün konkret müddət müəyyən etməyib, lakin Vaşinqton müharibənin mümkün qədər tez bitməsində maraqlıdır.
Prezident qeyd edib ki, Rusiyanın hazırda ciddi iqtisadi problemləri var və ölkə danışıqlarda fasiləyə ehtiyac duyur. O əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın təzyiqi Moskvanın maraqlarına uyğun deyil.
Zelenski onu da açıqlayıb ki, sülh razılaşmasının hazırkı layihəsində Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min hərbçi olması nəzərdə tutulur.
Prezident həmçinin bildirib ki, Rusiya əsir mübadiləsini ləngidir və bunu ümumi siyasi razılaşmalar əldə etmək istəyi ilə əlaqələndirib.