Zelenski: ABŞ Ukraynaya təhlükəsizlik təminatları üzrə sənəd layihəsi təqdim edib

Tarix: 12.12.2025 03:03

ABŞ Ukraynaya təhlükəsizlik təminatlarına dair sənəd layihəsini təqdim edib və tərəflər bu sənəd üzərində birgə işləməyi davam etdirəcəklər. APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib.

Dövlət başçısı qeyd edib ki, qarşıdakı mərhələdə əsas müzakirə mövzusu real və təsirli təhlükəsizlik təminatları olacaq və Kiyev bu istiqamətdə fəal işləyir.

“ABŞ tərəfindən təhlükəsizlik təminatları üzrə layihəni almşıq. 20 maddəlik sülh planı və iqtisadi təkliflərlə işlədiyimiz kimi, bu sənəd üzərində də işləyəcəyik, öz fikirlərimizi əlavə edəcəyik, layihəni yeniləyəcəyik,” - Zelenski vurğulayıb.

Prezident əlavə edib ki, Ukrayna öz baxışını layihəyə daxil etdikdən sonra sənəd yenidən ABŞ-a təqdim olunacaq:

“Bu, əsas baza olacaq, çünki bu məsələlərlə bağlı daha çox dəqiqliyə ehtiyacımız var. Ancaq hər iki tərəf anlayır ki, sənəd hüquqi baxımdan məcburi qüvvəyə malik, güclü və etibarlı olmalıdır”.

Zelenski həmçinin bildirib ki, təhlükəsizlik təminatları ilə bağlı sənəd ABŞ Konqresində müzakirə olunacaq. O əlavə edib ki, Ukraynaya Budapeşt Memorandumu kimi təsirsiz mexanizm yox, real və işlək təhlükəsizlik təminatları lazımdır.

Xəbər Lenti