5-10 yaşlı uşaqlar və valideynlərə töhfə verən psixoloji tədbirlər keçirilib

Tarix: 22 Dec 2025 18:44

Dekabrın 20-də Bakı Psixologiya Mərkəzində uşaqlar üçün “Rənglə, sevinc yarat” master-klası, valideynlər üçün “5-10 yaşlı uşaqlarda sosial inkişaf və özünəinam” mövzusunda təlim keçirilib.

APA xəbər verir ki, psixoloqun müşayiəti ilə baş tutan “Rənglə, sevinc yarat” master-klasında uşaqlar eko çanta üzərində Yeni il ab-havası yaratmaqla yanaşı, emosional ifadə və diqqət bacarıqlarını nümayiş etdiriblər. Master-klas zamanı uşaqların özünü sərbəst ifadə etməsi, rəng seçimi və fərdi yanaşmaları diqqət mərkəzində olub.

Master-klasın sonunda psixoloqun verdiyi rəylərə əsasən, valideynlər uşaqlarının emosional reaksiyaları, diqqət müddəti, kreativ düşüncə tərzi və sosial davranışlarını daha yaxından anlamaq fürsəti əldə ediblər. Bu yanaşma uşağın psixoloji inkişafının gündəlik fəaliyyətlərdə necə əks olunduğunu göstərən praktik nümunə kimi qiymətləndirilib.

Eyni vaxtda valideynlər üçün təşkil olunan “5-10 yaşlı uşaqlarda sosial inkişaf və özünəinam” mövzusunda təlim interaktiv formatda və maraqlı müzakirələrlə yadda qalıb. Təlim zamanı uşaqlarda özünəinamın formalaşması, sosial bacarıqların inkişafı, ünsiyyət problemləri, həmyaşıdlarla münasibətlər və valideyn dəstəyinin rolu kimi mövzular ətraflı şəkildə müzakirə edilib. Valideynlər real həyat nümunələri üzərindən suallarını ünvanlayaraq praktik tövsiyələr əldə ediblər.

Tədbirin təlimçiləri rəssam Həlimə Ələsgərova, psixoloq Aygül Abbasova və uzman psixoloq Arzu Hüseynzadə olub. Onlar tədbirin yaradıcı və psixoloji baxımdan zəngin, faydalı keçməsini təmin ediblər.

Bakı Psixologiya Mərkəzində keçirilən bu tədbir uşaqların yaradıcılıq potensialının dəstəklənməsi, valideynlərin psixoloji maariflənməsi və ailə-uşaq münasibətlərinin möhkəmləndirilməsi baxımından iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Bakı Psixologiya Mərkəzi təlim uşaq valideyn

Xəbər Lenti