Çərşənbə axşamı, 23 Dekabr, 2025
Tarix: 23 Dec 2025 12:03
Dekabrın 23-də Binəqədi rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Baş prokuror Kamran Əliyev və digər rəsmi şəxslər iştirak ediblər. Əvvəlcə mərasim iştirakçıları binanın foyesində yerləşən ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər.
Məlumat verilib ki, istifadəyə verilən yeni inzibati bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub.
Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi hissə, konfrans və iclas zalları yaradılıb. Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından da ən son tələblərə uyğun layihələndirilib. Yeni binada “Elektron Prokurorluq” informasiya sistemi də tam şəkildə tətbiq olunub. Bu sistem vasitəsilə sənəd dövriyyəsi rəqəmsal müstəvidə həyata keçirilir, işin çevikliyi və şəffaflığı artırılır.
İnzibati bina ilə tanışlıqdan sonra yeni binanın akt zalında iclas keçirilib.
Baş prokuror Kamran Əliyev yeni inzibati binanın açılışı münasibətilə Prezident İlham Əliyevə prokurorluq əməkdaşları adından təşəkkürünü bildirib. Qeyd olunub ki, maddi-texniki bazanın gücləndirilməsi, o cümlədən əməkdaşlar üçün yaradılan hərtərəfli iş şəraiti peşəkarlığın, iş potensialı və səmərəliliyin artırılmasına, habelə vətəndaş məmnunluğunun təmin olunmasında mühüm irəliləyişlərə səbəb olacaq.
Baş prokuror çıxışında, həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının ölkədə müasir infrastrukturun formalaşdırılması, şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi və dövlət qurumlarının fəaliyyətində funksionallıqla estetik tələblərin vəhdətinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Kamran Əliyev vurğulayıb ki, Binəqədi rayon prokurorluğunun yeni inzibati binası da bu strateji yanaşmanın bariz nümunəsi olmaqla, müasir memarlıq həlləri, funksional planlaşdırma və vətəndaş yönümlü xidmət prinsiplərini özündə birləşdirir. O bildirib ki, bu cür layihələr hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması ilə yanaşı, şəhərsalma siyasətinin tələblərinə uyğun davamlı və müasir iş mühitinin yaradılmasına xidmət edir.
Baş prokuror yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə prokurorluq əməkdaşlarını təbrik edib. Kamran Əliyev prokurorluq əməkdaşlarını daim öz üzərində çalışmağa, bilik və bacarıqlarını təkmilləşdirməyə, eləcə də fəaliyyətlərini dövlətçiliyə sədaqət, dürüstlük və obyektivlik prinsipləri əsasında qurmağa çağırıb.
Tədbirdə, həmçinin, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və Binəqədi rayon prokuroru Fuad Məmmədov çıxış edib.
Bundan başqa, tədbir iştirakçıları yeni inzibati binanın yanında yerləşən parkda ağaclar əkiblər.
Binəqədi rayon prokurorluğu yeni inzibati bina








