Cümə axşamı, 25 Dekabr, 2025
Tarix: 25 Dec 2025 18:01
Dekabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə Xocalı rayonunun Ballıca kəndində açılışı olan “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsində 80 nəfər üçün daimi iş yeri yaradılıb. Növbəti mərhələlərdə isə 450 daimi iş yerinin yaradılması planlaşdırılır. “Accurate Az” MMC-nin direktor müavini Zaur Əliyev APA-nın Qarabağ bürosuna bildirib ki, müəssisə Türkiyə, İsveçrə, Almaniya, İtaliya, Çin və Yaponiyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. Burada ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal ediləcək.
Məhsulların 60 faizi ixraca, 40 faizi daxili bazara yönəldiləcək. Xammaldan hazır məhsula qədər ofis mebeli istehsalının bütün mərhələləri müəssisədə həyata keçiriləcək. Layihənin ümumi dəyəri 20 milyon manat təşkil edir ki, bunun reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 7 milyon manat güzəştli kredit verilib. Müəssisə, həmçinin işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq olunan güzəşt və stimullardan yararlanıb. Müəssisənin fəaliyyətə başlaması Qarabağda mebel istehsalı sahəsinin formalaşmasına, yerli istehsalın genişlənməsi və ixrac potensialının artırılmasına, həmçinin işğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə töhfə verəcək.
Elgün Gəncimsoy Xocalı Ballıca kəndi