Cümə, 26 Dekabr, 2025
Tarix: 26 Dec 2025 11:42
Hüququ tənzimləmə yolu ilə uşaqların virtual asılılığının azaldılmasıyla bağlı parlamentdə dinləmə keçirilməsi təklif olunub.
APA-nın xəbərinə görə, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov çıxış edib.
Deputat deyib ki, bir sıra dünya ölkələri uşaq və yeniyetmələrin virtual asılılığının, rəqəmsal mühitin onların psixologiyasına mənfi təsirinin aradan qaldırılması ilə bağlı müxtəlif qanunlar və normalar qəbul etməyə başlayıblar: “Gözlənən odur ki, bu prosesə getdikcə daha çox ölkə qoşulacaq. Bu da bir reallıqdır ki, yalnız qanunun qəbulu yetərli deyil, buna paralel olaraq həm dövlət qurumları həm də qeyri-hökumət təşkilatları tərəfindən geniş maarifləndirmə və təbliğat işləri də aparılmalıdır. Sözügedən məsələnin ölkəmizdə də hüquqi tənzimlənməsi yollarının müzakirə olunmasını, eyni zamanda müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Milli məclisdə də bu barədə bir dinləmənin təşkili məsələsinin nəzərdən keçirilməsini təklif edirəm”.
Firuzə Vahid