Bayramov mərakeşli həmkarı ilə görüşdü

Tarix: 13 Nov 2023 21:50

Bu gün xarici işlər naziri, Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın (Komissiya) Azərbaycan tərəfdən həmsədri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri, Komissiyanın Mərakeş tərəfdən həmsədri Nasser Bourita ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov və nazir Nasser Bourita arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

İkitərəfli görüşlərdən sonra, Azərbaycan və Mərakeşin aidiyyəti dövlət qurumlarının rəsmilərinin də iştirak etdiyi ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın 2-ci iclası keçirilib.

Görüşlər zamanı Azərbaycan ilə Mərakeş arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

Həmçinin iqtisadi əməkdaşlıq üçün hüquqi baza rolunu oynayacaq müvafiq ikitərəfli sənədlərin tezliklə qüvvəyə minməsi üçün dövlətdaxili prosedurların sürətləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud aqrar potensialdan bəhs olunub və bu ərazilərdə fermer təsərrüfatlarının qurulması və idarəçiliyi sahəsində mümkün Azərbaycan-Mərakeş tərəfdaşlığı barədə fikir mübadiləsi aparılıb.

Görüşlərdə Ceyhun Bayramov tərəfindən ölkəmiz tərəfindən 24 saat ərzində həyata keçirilmiş anti-terror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib. 

Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyi bildirilib. Eyni zamanda, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri diqqətə çatdırılıb. Görüşlər zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Sonda enerji, logistika, ətraf mühit sahələri daxil olmaqla, Azərbaycan-Mərakeş ikitərəfli sənədlər, o cümlədən Komissiyanın 2-ci iclasının protokolu imzalanıb.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.

Xəbər Lenti