Ukrayna və ABŞ rəsmiləri Putinin iqamətgahına hücumla bağlı məlumatı müzakirə edib

Tarix: 30 Dec 2025 21:30

Ukrayna nümayəndə heyəti Rusiyanın guya Prezident Vladimir Putinin iqamətgahına hücumu ilə bağlı yaydığı məlumatı ABŞ tərəfi ilə müzakirə edib. APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Valdayla bağlı iddia edilən hücum məsələsi üzrə Ukrayna və ABŞ nümayəndə heyətləri əlaqə saxlayaraq detalları müzakirə ediblər: “Valdaya hücumla bağlı olaraq bizim danışıqlar qrupumuz amerikalı tərəfdaşlarla birbaşa əlaqə qurdu və məsələni müzakirə etdi. Biz bunun feyk olduğunu anlayırıq. Tərəfdaşlarımız isə texniki imkanları sayəsində bunun saxta məlumat olduğunu hər zaman yoxlaya bilərlər”, – deyə Ukrayna prezidenti bildirib.

Zelenski eyni zamanda Rusiyanın referendum keçirmək niyyətində olmadığını vurğulayıb. Onun sözlərinə görə, referendumun keçirilməsi üçün təhlükəsizlik əsas şərtdir, lakin Moskva bu təhlükəsizliyi təmin etmək istəmir.

“Biz başa düşməliyik ki, Rusiya heç bir referendum istəmir. Referendum üçün təhlükəsizlik lazımdır. Onlar insanlar üçün təhlükəsizliyi, atəşkəsi təmin etmək istəmirlər, hansısa məsələlər həll olunana qədər prosesi uzadırlar. Atəşkəsin olmaması üçün daim bəhanələr tapacaqlar. Təhlükəsiz infrastruktur olmadan referendum keçirmək mümkün deyil”, – deyə Zelenski qeyd edib.

Xəbər Lenti