Çərşənbə, 31 Dekabr, 2025
Tarix: 31 Dec 2025 09:51
Ukrayna Ordusu Rusiyada neft emalı zavoduna, Rusiya Ordusu isə Ukraynanın Odessa şəhərində infrastruktur obyektlərinə və binalara zərbə endirib. APA-nın xəbərinə görə, Krasnodar diyarının operativ qərargahı Tuapse neft emalı zavodu pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı, nəticədə ərazidə yanğın baş verdiyi, iki nəfərin xəsarət aldığı barədə məlumat yayıb. Zərbə nəticəsində zavodun avadanlıqları, limandakı bir körpü və beş yaşayış evi zədələnib. Bundan əlavə, dörd çoxmənzilli binada və bir fərdi yaşayış evində pəncərələr sınıb. Neft emalı zavodunda baş verən yanğın 300 kvadratmetr ərazini əhatə edib. Qeyd olunur ki, Tuapse Rusiyanın neft məhsullarının ixracı üçün əsas Qara dəniz limanlarından biridir. Burada “Rosneft” şirkətinə məxsus, sutkada təxminən 240 min barel neft emalı gücünə malik ixracyönümlü neft emalı zavodu fəaliyyət göstərir və neft, mazut və dizel yanacağı kimi məhsullar tədarük edir. Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısakın isə Rusiya Ordusunun dekabrın 31-nə keçən gecə infrastruktur obyektləri və yaşayış evlərinə zərbələri nəticəsində 3-ü uşaq olmaqla, beş nəfərin xəsarət aldığını bildirib. Xəsarət alanlar arasında vəziyyəti ağır olan 42 yaşlı kişi, orta ağır vəziyyətdə olan 7 aylıq körpə, 14 yaşlı yeniyetmə və 8 yaşlı qız uşağı var. Şəhərin bir hissəsində hazırda elektrik enerjisinin verilişi yoxdur. Ayrı-ayrı kritik infrastruktur obyektlərində bərpa işləri davam etdirildiyindən sakinlərin bir qismi müvəqqəti olaraq su və istilik təchizatından da məhrum olub.
Rusiya Ukrayna
