Çərşənbə, 31 Dekabr, 2025
Tarix: 31 Dec 2025 11:01
İran xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın son təhdidiylə əlaqədar müxtəlif ölkələrin XİN başçılarına məktub yazıb.
APA "Mehr"-ə istinadən xəbər verir ki, Abbas Əraqçi ABŞ Prezidentinin son bəyanatlarını beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq-aşkar pozulması kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti bu bəyanatları açıq və qəti şəkildə pisləməyə çağırıb.
Qeyd edək ki, dekabrın 29-da İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında Donald Tramp Vaşinqtonun Tehranla dialoqa hazır olduğunu, lakin İran nüvə proqramına bərpaya cəhd edərsə, güc tətbiqi variantının gündəmdə qaldığını bildirib.
Abbas Əraqçi qeyd edib ki, İrana qarşı güc tətbiqi ilə hədələr BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. Çünki bu sənəd dövlətlərin ərazi bütövlüyünə və milli suverenliyinə qarşı istənilən təhdid və ya güc tətbiqini qadağan edir.
Xatırladaq ki, 13 iyun 2025-ci ildə İsrail və İran arasında 12 günlük müharibə olub. İsrailin hava zərbələri nəticəsində İranın ali hərbi komandirləri, nüvə alimləri öldürülüb. ABŞ da İranın üç nüvə obyektinə aviazərbələr endirib.
İyunun 24-də tərəflər qarşılıqlı hücumları dayandırıblar.
Abbas Əraqçi İran xarici işlər naziri ABŞ Tramp