Cümə axşamı, 26 Mart, 2026
Tarix: 12 Jan 2024 15:44
2018-ci ilin prezident seçkiləri günü jurnalistlərlə səsvermə məntəqəsində çəkiliş aparır, seçicilərdən prosesin necə keçdiyini soruşurduq.
Şirkətə zəng edib maşının çəkiliş qrupunun ardınca gəlməyinə zəng etdim. Bu vaxt əli əsalı ağsaqqalın namizədlərin şəkilləri qarşısında dayanıb baxdığını gördüm. Maraq üçün kimə səs verəcəyini soruşdum. Qoca dedi ki, "səbri çox olana səs verəcəyəm". Soruşdum kimdir səbirli? Asta səslə dedi: "İlham Əliyevə. Onun səbri daşı da sındırar".
Bu söz çəkiliş qrupumuzu çox tutdu. Alnının qırışının dərinliyi ondan xəbər verirdi ki, həyatından yüzminlərlə müxtəlif kateqoriyalı insan keçib və duz yükünü çoxdan dağdan endirib, o nəticəyə gəlib ki, bütün işlərin uğurlu sonluğu səbirdən keçir.
Prezident İlham Əliyevin mətbuat nümayəndələri ilə görüşdə o qocanın dediyi kimi səbrinin daş sındırdığı bir daha üzə çıxdı. İnsan necə səbirli ola bilər ki, antiterror tədbirləri 23 saatdan da tez qurtarıb, lakin bu barədə açıqlamanı 3 aydan sonra bilirik. Halbuki, yaxın qonşu ölkələrdə ordunun belə peşəkarlığını qabartmaq üçün dövlət başçıları bunu tez ictimaiyyətə çatdırardılar. Amma İlham Əliyev hətta sevincli xəbərin tez verilməsinin də ciddi fəsadlar törədə biləcəyini götür-qoy edir. Yalnız təhlükəsizlik və digər faktorlar tam ortadan götürüləndən sonra ictimaiyyətə açıqlamanın vaxtının çatdığını müəyyən edir. Azərbaycan ictimaiyyəti onun mətbuat konfransına ona görə güclü maraq göstərir ki, burada bilinməyən onlarla sensasiyalı açıqlamalar eşidir.
Məsələn, əvvəlki illər olsaydı, Azərbaycan ictimaiyyəti Ermənistanla sülh müqaviləsinin imzalanmasının niyə gecikdiyi barədə narahat qalardı. Hazırda isə narahatlığa əsas görmürlər. Çünki Prezidentin fəaliyyətinin umumi ruhunu öyrəniblər ki, gec edəcək, güc edəcək, milli maraqları əsas götürüb nöqtə qoyacaq. Mətbuat konfransında sülh müqaviləsinin niyə gecikməsinə aydınlıq gətirən İlham Əliyev ictimaiyyətə bir daha sublimal mesaj ötürdü ki, onun səbri daş sındırar. Necə ki, Ermənistan və onun havadarları 70-ci illərin xəritələri əsasında sülh müqaviləsi imzalaya bilməyəcəklər. Çünki sovet rəhbərliyi tərəfindən Ermənistana Azərbaycan torpağından sonuncu pay 1960-cı illərdə verilib. Məhz buna görə 70-ci illər xəritəsinin üstündə perspektivsiz dirəniş nümayiş etdirirlər. Prezidentin tez-tez "Ermənistanda bircə qarış da torpağımız qalmayacaq" bəyanatı məhz sərhədin müəyyənləşməsindəki prinsipiallığında nümayiş olundu. Bəli, sərhəd məsələzində yüzlərlə, minlərlə ikitərəfli görüş keçirilə bilər, lakin sonda Azərbaycanın xeyrinə olacaq. Hərçənd buna görə havadarlar dəfələrlə neçə hektar torpaq sahəsinin əhəmiyyət daşımamasını prezidentin nəzərinə çatdırıb sülh müqaviləsinin imzalanmasını tələsdirirlər. Təbii ki, Azərbaycan Prezidenti sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu dəfələrlə beynəlxalq səviyyədə bəyan edib. Lakin əsas funksionallıq milli maraqlar üzərində yekunlaşacaq.
Burda əsas məqam ondan ibarətdir ki, Prezident sərhədlərin müəyyənləşməsində həm də Azərbaycan xalqının və torpaqlarının 100 il sonrakı təhlükəsizliyini düşünür. Ermənistan heç vaxt gələcək qarşıdurma üçün münbit mövqeyə malik olmamalıdır. İlham Əliyevin əsas prinsipi məhz budur. Çünki Azərbaycan tarixini tamlıqla bilir ki, Ermənistan neçə əsrdir ki, məhz dünyada siyasi böhranlar yaşananda, ölkə rəhbərliyinin yarıtmaz donuq fəaliyyətinin mövcudluğu zamanı münbit şəraitdən sui-istifadə edib Azərbaycan torpaqlarına soxulub. Prezident tarixi missiyasını həm də onda görür ki, Azərbaycan xalqı neçə əsr sonra da təhlükəsizlikdə yaşasın. Və gələcək üçün bunu etməyi bacaracaq. Qocanın dediyi kimi, istənilən havadarların qəsdini, düşmənin planlarını əvvəlcədən sındıracaq.
Azər Qismət