200 manat verib mismarla müalicə alanlar...

Tarix: 16 Jan 2024 17:30

Son zamanlar sosial şəbəkələrdə “sadhu terapiyası” ilə neqativ hadisələri, travmaları şəffaflaşdırmaq kimi elanlara, həmçinin insanların “sadhu lövhəsi” üzərində dayanaraq ağladığı videolara tez-tez rast gəlmək mümkündür. Maraqlıdır ki, 1 seansa minimum 200 AZN verərək bu terapiyaya gedənlər, üzərində yüzlərlə mismarı olan taxtaya çıxır, ağrıya qalib gəlmək üçün enerji sərf edir, stress yaşayır, bunun müqabilində isə qorxu və travmaları ilə üzləşir. 

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkə istifadəçiləri belə terapiyaları tənqid edib. Onların fikrincə müasir dövrdə falçılıq kimi inanclar astrologiya, spiritualizm və numerologiya ilə əvəzlənib. İnsanlar müxtəlif rituallara inanaraq, ailə və iş həyatında maddi, mənəvi problemləri aradan qaldırmaq və keçmişindəki tramvaları yox etmək üçün bir çox terapiyalara üz tutur. 

Bəs buna səbəb nədir? Bu terapiyanın elmi sübutu varmı?

Mövzu ilə bağlı Klinik Psixoloq Nuriyyə Quliyeva bildirib ki, bu terapiyanın elmi sübutu olmadığı üçün psixologiyada tətbiq edilmir: “Psixologiyada hər hansı bir terapiyanı tətbiq etməzdən öncə onun elmi şəkildə təsdiqlənməsi əsas məsələdir. “Sadhu” adlandırılan terapiya ola bilsin ki, insanlara şüuraltı şəffaflıq versin. Lakin bu hər kəs üçün keçərli deyil. Bunu həm də bir növ insanların özünü psixoloji olaraq inandırması kimi qiymətləndirirəm”. 

Psixoloq eyni zamanda bu seansların qiymətinin olduqca baha olduğunu da vurğulayıb. 

Həkim-terapevt Günay Lətifova isə bildirir ki, insanların belə terapiyalara üz tutmasının səbəbi, onlarda gündəlik stressin yüksək dərəcədə olmasıdır: “Pasiyentlərə hər hansı narahatlıqları zamanı simptomları üzrə həkim-mütəxəssislərə müraciət etməkləri məsləhət görülür. Əgər terapiyaya müraciət edəcəklərsə, bu zaman da əks göstəricilərə diqqət etməlidirlər. Məsələn açıq yara, yüksək temperatur, epilepsiya xəstələri, insult və infarkt keçirmiş xəstələr, alkoqol istifadəçiləri bu kimi terapiyalardan uzaq durmalıdır. Bu terapiya ağrıya dözümü , stresi azaltmağa dəstək olsa da burada psixoloji amilin rolu böyükdür”.

Terapevtin açıqlamasına görə, “sadhu taxtası”ndakı mismarlar dezinfeksiyaya da səbəb ola bilər: “Mismarların sıxlığı və adi olması pasiyentin rahat durmasını təmin edir. Proses bitdikdən sonra görürük ki, ayaqda sadəcə mismarın izi var, batıq yoxdur. Əgər batıq olarsa, infeksiya keçməsi qaçınılmazdır. Bir başqa məqam isə mismarların nə dərəcədə dezinfeksiya olunmasıdır ki, bunu da qəqiq bilmək olmur”.

Fidan Etibar

Xəbər Lenti