Amnistiya aktı ilə azadlığa çıxan müğənni Dəniz Əsədovanın saxta əlillik sənədi düzəltmək ittihamı ilə məhkəməsi başlayıb

Tarix: 08 Jan 2026 13:19

Saxta əlillik sənədi düzəltməkdə ittiham olunan müğənni Dəniz Əsədovanın barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 22-nə təyin edilib.

Dəniz Əsədova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4, 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə ittiham verilib. Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.

İttihama görə, o, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib. O, ümumilikdə dövlətə 1,6 milyon manat ziyan vurub.

Dəniz Əsədova daha öncə Binəqədi rayon Məhkəməsinin qərarı ilə xüsusi ittiham qaydasında 7 ay azadlıqdan məhrum edilib. Daha sonra digər ittihamla cəzası artırılıb.

O, ötən ay Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktı çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmənin 4 saylı (qadınlar üçün nəzərdə tutulan) cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Selcan Zaurqızı Dəniz Əsədova müğənni məhkəmə

Xəbər Lenti