ABŞ Hələbin şimal məhəllələrində elan olunan atəşkəsi alqışlayır

Tarix: 09 Jan 2026 12:33

ABŞ Suriyanın Hələb şəhərinin şimal məhəllələrində bu gün əldə olunmuş müvəqqəti atəşkəsi alqışlayır.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri, Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak “X” sosial şəbəkəsində paylaşım edib.

Barrakın sözlərinə görə, atəşkəs tərəflərin xoş niyyəti sayəsində mümkün olub və o, koordinasiyanın davam edəcəyi təqdirdə daha davamlı sabitliyə nail olunacağına ümid etdiyini bildirib.

ABŞ nümayəndəsi bu razılaşmanı daha geniş sabitliyə aparan ilkin addım kimi qiymətləndirib.

Səfir, eyni zamanda, hələ də ciddi çətinliklərin mövcud olduğunu qeyd edib.

Qeyd edək ki, Suriya Müdafiə Nazirliyi Hələbin Suriya Demokratik Qüvvələrinin əlində olan ərazilərində atəşkəs elan edildiyini bəyan edib. Xatırladaq ki, SDQ-yə verilən vaxt artıq başa çatıb. Suriya ordusu ölkənin ərazi bütövlüyünü təmin etmək üçün PKK/YPG mövqelərini bombalamağa başlayıb.

Hələbdə SDQ və Suriya ordusu arasındakı toqquşmalarda ölən mülki şəxslərin sayı 21-ə çatıb, 55 nəfər yaralanıb.

100 000-dən çox insan döyüşlərin getdiyi Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrini tərk edib.

İlqar Xudiyev ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Suriya Hələbdə atəşkəs

Xəbər Lenti