Ağdərənin Heyvalı kəndində il ərzində daha 50 evin bərpası nəzərdə tutulur

Tarix: 14 Jan 2026 12:25

Ağdərə rayonunun Heyvalı kəndində mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib və istismara hazırdır. İl ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Artıq doğma yurduna dönən 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri şərait yaradılıb.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.

Bildirilib ki, kəndin yenidən qurulması çərçivəsində sosial infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər görülüb: "2 mövcud transformator, enerji və qaz xətləri bərpa olunub, yeni rabitə xətləri çəkilib. Sakinlərin içməli su ilə təmin olunması üçün 60 kubmetrlik çən quraşdırılıb və su şəbəkəsinin inşası üzrə işlərə başlanılıb. Bundan əlavə, 4,5 kilometr uzunluğunda kənddaxili yollar əsaslı şəkildə bərpa olunub və sakinlərin asudə vaxtı üçün yeni istirahət parkı salınıb."

Qeyd edək ki, Heyvalı kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin ətəyində yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini taxılçılıq, tütünçülük və heyvandarlıq təşkil edib, kənddə məktəb, klub və poçt kimi sosial obyektlər fəaliyyət göstərib. Kənd 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub.

Elgün Gəncimsoy Ağdərə Heyvalı kəndi

Xəbər Lenti