Ağdamdakı Xaçınçay su anbarından 7 min ha əkin sahəsi və bağ massivləri suvarılır - FOTO

Tarix: 14 Jan 2026 18:32

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən böyük su hövzələrindən biri Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarıdır. Anbar 1964-cü ildə istismara verilib. Su anbarı Sovet İttifaqı dövründə meliorasiya məqsədləri üçün istifadə edilib. Eyni zamanda bu anbar vasitəsilə Ağdam şəhəri və şəhərətrafı yaşayış məntəqələrinin su ehtiyacı ödənilib. Lakin Ağdam rayonunun 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində 27 il anbardan istifadə etmək mümkün olmayıb. İşğalçılar hövzəni qanunsuz istismar etməklə yanaşı həm də heç bir texniki qulluq göstərməyiblər.

Ağdam Su Meliorasiyası Sistemlerinin İstismarı İdarəsinin rəisi Hafiz Əzimzadə APA-nın Qarabağ bürosuna bildirib ki, Ağdam rayonu işğaldan azad edildikdən sonra su hövzələrinin monitorinqi üzrə işçi qrupu tərəfindən 2021-ci ilin fevral ayında Xaçınçay su anbarında monitorinq keçirilib və anbarın vəziyyəti qiymətləndirilib: "Baxış zamanı məlum oldu ki, anbar qəzalı vəziyyətdədir. Bənddə partlamalar aşkarlandı. Bundan sonra 2022-ci ildə cənab prezidentin 1337 saylı sərəncamı ilə anbarda əsaslı təmir və abadlaşdırma işləri başladı. 2022-ci ilin mart ayında həyata keçirilən Fərrux əməliyyatı nəticəsində Xaçınçay su anbarı tamamilə Azərbaycanın nəzarətinə keçdikdən sonra həyata keçirilən bərpa işləri 2023-cü ildə başa çatıb. Su anbarı təmir-bərpadan sonra 2023-cü il dekabrın 24-də istifadəyə verilib. Mərasimdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər".

Qeyd olunub ki, anbarın ümumi su tutumu 23 milyon kubmetr, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr, su səthinin güzgü sahəsi isə 176 hektar təşkil edir.

Texniki sxemlə Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 6,64 kilometr hissəsi də bəndlə bərabər təmir və bərpa olunub. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib.

Hafiz Əzimzadə onu da qeyd edib ki, hazırda anbardan ərazidə yerləşən 7 min hektara yaxın əkin sahələri və bağ massivləri suvarılır.

Elgün Gəncimsoy Ağdam Xaçınçay su anbarı

Xəbər Lenti