Almaniyanın müdafiə naziri müharibə təhlükəsinin olduğunu deyib

Tarix: 19 Jan 2024 13:55

Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya ilə Ukrayna arasında müharibənin qonşu ölkələri əhatə edə biləcəyi barədə xəbərdarlıq edib.

APA xəbər verir ki, bu barədə müdafiə naziri "Tagesspiegel" qəzetinə müsahibəsində deyib.

"Biz demək olar ki, hər gün Kremldən təhdidlər eşidirik - ən son Baltikyanı ölkələrdəki dostlarımıza qarşı bu təhdidləri eşitdik", - Pistorius bildirib.

"Təhlükə vəziyyətinin aktuallığı fonunda müdafiə qabiliyyətimizi tez bir zamanda gücləndirməliyik. Nəzərə almalıyıq ki, Vladimir Putin hətta bir gün NATO ölkəsinə hücum edə bilər", - Pistorius əlavə edib.

Müdafiə naziri deyib ki, əgər bu baş verərsə təxminən "beş-səkkiz il" sonra bunu gözləmək olar.

Bundesvehri "müharibəyə hazır" olmağa çağırması ilə o, həm də "cəmiyyəti oyatmaq" istədiyini deyib. Pistoriusun fikrincə, müdafiə sənayesini də daha səmərəli etmək lazımdır.

Almaniyanın müdafiə naziri, həmçinin ölkəsinin Ukraynaya daha çox hərbi yardım göstərilməsi çağırışlarını münasibət bildirərək deyib ki, Bundesvehr hər şeyi göndərib Almaniyanı "müdafiəsiz" qoya bilməz.

Qəzet yazıb ki, nazir aprel ayına qədər icbari hərbi xidmət variantının yenidən tətbiqi ilə bağlı təkliflər gözləyir. Almaniya 2011-ci ildə məcburi hərbi xidmətə çağırışa son qoyub.

Qeyd olunub ki, müdafiə naziri Almaniya pasportu olmayan əsgərlər üçün silahlı qüvvələrin açılmasına da müsbət yanaşır.

Xəbər Lenti