Portuqaliyada prezident seçkilərində səsvermə başa çatıb

Tarix: 19 Jan 2026 01:41

Portuqaliyada prezident seçkilərində səsvermə yekunlaşıb. APA xarici KİV-ə istinadən xəbər verir ki, ali dövlət postu uğrunda rekord sayda namizəd - 11 nəfər (10 kişi və 1 qadın) mübarizə aparır.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və 19:00-dək fəaliyyət göstərib. İlkin nəticələrin gecə saatlarında açıqlanacağı gözlənilir. Əgər namizədlərdən heç biri səsvermənin nəticələrinə görə 50 faizdən çox səs toplaya bilməzsə, fevralın 8-də seçkilərin ikinci turu keçiriləcək.

Hazırkı dövlət başçısı Marselu Rebelu di Souza 2016-cı ildə vəzifəyə gəlib və 2021-ci ildə yenidən seçilib. Yerli qanunvericiliyə əsasən ardıcıl üç müddət prezident seçilmək qadağan edildiyindən, o, bu dəfə namizədliyini irəli sürə bilməyib.

Seçkilər ərəfəsində keçirilən sorğular göstərirdi ki, namizədlərdən heç biri birinci turda 50 faizdən çox səs qazana bilməyəcək. Bu halda ikinci tur keçiriləcək və burada yalnız seçicilərin ən çox dəstəyini alan iki namizəd iştirak edəcək. Sonuncu dəfə belə vəziyyət 1986-cı ildə qeydə alınmışdı.

Xəbər Lenti