Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 20 Jan 2026 14:06
Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü kimi qala-qala Avropa İttifaqı (Aİ) standartlarını qəbul etmək mümkün deyil.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında bildirib. O, təxminən il yarım əvvəl, sonuncu dəfə İrəvana səfər edərkən həmkarı Ararat Mirzoyan və Baş nazir Nikol Paşinyanla Aİ ilə Aİİ üzvlüyü mövzusunu bir neçə dəfə müzakirə etdiyini diqqətə çatdırıb. “Aİİ-nin iş prinsipləri ilə bir az tanış olan hər kəs üçün aydındır ki, Avrasiya İqtisadi Birliyinin üzvü kimi qala-qala Aİ standartlarını qəbul etmək mümkün deyil. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bunu erməni həmkarı ilə təmaslarında dəfələrlə izah edib. Bu, texniki cəhətdən mümkün deyil. Onlar təkcə fərqli ticarət və investisiya qaydalarına görə deyil, həm də Brüsselin Ermənistanın hüquqi çərçivəsini öz standartlarına uyğunlaşdırmaq istədiyi üçün bir-biri ilə uyğun gəlmir", - Lavrov qeyd edib.
Onun sözlərinə görə, bu standartlar Aİ-nin xarici siyasətinə, o cümlədən Rusiya əleyhinə sanksiyalara və Rusiya əleyhinə bəyanatlara tam riayət etməyi nəzərdə tutur.
“Ötən ilin dekabr ayında Ermənistanın Aİ ilə tərəfdaşlığı üçün yeni strateji gündəm imzalandı. Bu gündəm xarici siyasət, iqtisadiyyat və viza liberallaşdırılmasında koordinasiyaya ehtiyac olduğunu göstərir. Bu, Aİ-nin hüquq-mühafizə və sərhəd mühafizəsi ilə bağlı qərarlarda səsə malik olması ilə əlaqədardır. Anlaşılandlr ki, sərhədçilərimiz Ermənistandadır. Artıq sual yaranır: bu, necə bir-birinə uyğun gəlir? Buna görə də, əlbəttə ki, Aİ üzvlüyünə doğru irəliləmək Aİİ-də üzvlüyü qorumaqla birləşdirilə bilməz. Əgər Ermənistan cənab Paşinyanın dediyi kimi, müvafiq qərarlar qəbul edərsə və onları Ermənistan xalqının iradəsinə uyğun olaraq qəbul edərsə, bu, Ermənistanın və Ermənistan xalqının hüququdur. Əlbəttə ki, seçimi Ermənistan xalqı və Ermənistan rəhbərliyi etməlidir. Lakin hər ikisində (Aİ və Aİİ-də-red.) iştirakın birləşdirilməsi tamamilə istisnadır", - Rusiya XİN başçısı fikrini yekunlaşdırıb.
Fərid Əkbərov Avrasiya İqtisadi Birliyi Avropa İttifaqı Sergey Lavrov Ararat Mirzoyan Baş nazir Nikol Paşinyan Aleksey Overçuk