Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 26 Jan 2026 19:42
Yanvarın 26-da Hindistanın Azərbaycandakı səfirliyi ölkənin 77-ci Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
APA xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Hindistanın Dövlət himnləri səsləndirilib. Tədbirdə diplomatik korpusun nümayəndələri və digər rəsmi qonaqlar iştirak edib.
Açılış nitqi ilə çıxış edən Hindistanın ölkəmizdəki səfiri Sridharan Madhusudhanan tədbirin əhəmiyyətinə toxunaraq deyib ki, 77-ci Respublika Günü onlar üçün demokratiya və tərəqqinin özülü, önəmli bir hadisədir.
Səfirin sözlərinə görə, Hindistan və Azərbaycan dərin sivilizasiya və mədəni əlaqələrə malikdir, bu, 2025-cü ildə bir sıra yüksək səviyyəli qarşılıqlı münasibətlərlə daha da güclənib: "2025-ci ilin fevral ayında Hindistan Parlament Nümayəndə Heyəti Bakıda Milli Məclisin ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak edib. 2025-ci ilin iyul ayında isə Hindistanın Hesablama Palatasının (Comptroller and Auditor General of India) nümayəndə heyəti Bakıda keçirilən Asiya Ali Audit Qurumları Təşkilatının (ASOSAI) 62-ci İdarə Heyəti iclasında, eləcə də Ərəb Ali Audit Qurumları Təşkilatı ilə ilk birgə görüşdə iştirak etmək üçün Azərbaycana səfər edib. Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) sədri kimi Hindistan Dünya Məsələləri Şurasını (Indian Council of World Affairs) – CICA-nın beyin mərkəzləri forumunun üzvünü – 2026–2027-ci illər üçün CICA Think Tank Forumunun sədri təyin edib. Ötən dövr ərzində Hindistan Azərbaycan tərəfindən təşkil olunan müxtəlif CICA tədbirlərində fəal iştirak edib".
Səfir iki ölkə arasında iqtisadi tərəfdaşlığın sabit şəkildə inkişaf etdiyini vurğulayıb.
"2025-ci ildə Hindistan–Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 400 milyon ABŞ dollarını ötüb. Uzunmüddətli maliyyə əlaqələri Hindistanın aparıcı neft-qaz şirkəti olan ONGC Videsh Limited (OVL) tərəfindən həyata keçirilən investisiyalar hesabına möhkəmlənib. Bu investisiyalar Azəri–Çıraq–Günəşli neft-qaz yatağı və Bakı–Tbilisi–Ceyhan boru kəməri layihəsi çərçivəsində reallaşdırılıb", səfir bildirib.
O, iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayaraq qeyd edib ki, hava əlaqələrinin həftədə 42 reysə qədər artırılması Hindistanla Azərbaycan arasında əlaqələrin dərinləşməsində mühüm rol oynayacaq: “Reyslərin sayının artırılması ticarət əlaqələrimizin genişlənməsinə və insanlar arasında təmasların güclənməsinə güclü təkan verib”.
Səfir vurğulayıb ki, Hindistan–Azərbaycan münasibətləri təkcə iqtisadi sahə ilə məhdudlaşmır, təhsil mübadiləsi də bu tərəfdaşlığın mühüm istiqamətlərindən biridir: “Hazırda Azərbaycanda 400-dən çox hindistanlı tələbə təhsil alır. Bu, gələcək əməkdaşlıq və qarşılıqlı zənginləşmə üçün böyük potensial yaradır”.
Onun sözlərinə görə, Azərbaycandakı fəal və dinamik Hindistan icması iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır və birgəyaşayışın uğurlu nümunəsidir: “Azərbaycandakı Hindistan icması xalqlarımız arasında dostluq körpüsünün qurulmasında əhəmiyyətli töhfə verir”.
Tədbir ziyafətlə davam edib.
İlqar Xudiyev Bakı Hindistanın Respublika Günü







