Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 27 Jan 2026 15:00
Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabidə keçirilən Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında iştirak edib.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Sessiyanın açılış mərasimində çıxış edən spiker Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının dialoq, həmrəylik və qarşılıqlı anlaşma üçün bir platforma olduğunu qeyd edib.
Onun sözlərinə görə, gender bərabərliyinə və qadınların səlahiyyətləndirilməsinə xüsusi önəm verilməsi Assambleyanın ümumi məqsədlərə nail olmaq naminə kollektiv fəaliyyətə davamlı sadiqliyinin bariz nümunəsidir.
Azərbaycan Milli Məclisinin Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu əldə etmək üçün rəsmi müraciət etdiyini xatırladan Sahibə Qafarova bu müraciətin dəstəklənməsinin daha sıx əməkdaşlıq və daha səmərəli birgə fəaliyyət üçün yeni imkanlar açacağına inamını ifadə edib. O, eyni zamanda, hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında əlaqələrin də inkişafında maraqlı olduğumuzu qeyd edib.
Milli Məclisin sədri xatırladıb ki, müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəbin 1901-ci ildə Bakıda açılması və qadınlara 1918-ci ildə seçki hüququnun verilməsi bu yanaşmanı əks etdirir və Azərbaycan cəmiyyətində qadınların mühüm rolunu bir daha təsdiqləyir.
Firuzə Vahid Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyası Qadın Parlament Forumu


