Prezidentin BƏƏ-yə səfəri ölkələrimiz arasında əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir

Tarix: 04 Feb 2026 15:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ölkələrimiz arasında strateji tərəfdaşlığın güclənməsi və iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bunu APA-ya Milli Məclisin deputatı, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Soltan Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycanla BƏƏ arasında siyasi dialoq yüksək səviyyədə davam edir, iqtisadi və investisiya əlaqələri sürətlə genişlənir: “Bütün bunların nəticəsidir ki, bu gün Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın əsas və etibarlı tərəfdaşlarından biri kimi çıxış edir və ölkələrimiz arasındakı əlaqələr strateji əməkdaşlıq prinsiplərinə əsaslanır”.

Soltan Məmmədov qeyd edib ki, BƏƏ səfəri bir sıra amillərlə və tarixi hadisələrlə yadda qaldı: “Belə məqamlardan biri də Əbu-Dabidə Azərbaycan-BƏƏ silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin keçirilməsi oldu. Bu, iki ölkə arasında iqtisadi və enerji sahəsində əldə olunmuş uğurlu tərəfdaşlığın hərbi sahədə davamı və məntiqi nəticəsidir. Hərbi təlimlər silahlı qüvvələrimizin operativ əlaqələrinin inkişaf etməsinə, hər iki tərəfin hərbi potensialının güclənməsinə töhfə verəcək. Azərbaycan əvvəllər belə yüksək səviyyəli hərbi əməkdaşlığı yalnız Türkiyə ilə həyata keçirmişdi. Təqdiraləyiq haldır ki, ölkəmiz digər sahələrdə olduğu kimi hərb sahəsində də böyük nailiyyətlər əldə edir, hərbi tərəfdaşlarının sayını artırır. Müasir dövrdə bu çox böyük uğurdur.”

Millət vəkili vurğulayıb ki, səfər çərçivəsində yaddaqalan tarixi hadisələrdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əbu-Dabi şəhərində Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşü oldu. Məhəmməd Əbdülsalam, dövlət başçısını "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi münasibətilə təbrik etdi:

“Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ölkəmiz üçün böyük qürurdur. Bu mükafat cənab Prezident İlham Əliyevin insan hüquqları, dialoq və qardaşlıq prinsiplərinin təşviqi sahəsindəki səylərinin beynəlxalq aləmdə yüksək qiymətləndirilməsinin göstəricisidir. Eyni zamanda, bu tarixi hadisə, Azərbaycan–BƏƏ əlaqələrinin strateji tərəfdaşlıq çərçivəsində inkişaf etdiyini bir daha təsdiqləyir”.

Deputat əlavə edib ki, səfər zamanı yaddaqalan xüsusi hadisələrdən biri də Prezidenti İlham Əliyevin Əbu-Dabidə Ermənistanın Baş naziri ilə görüş keçirməsi oldu: “Bu görüş ölkəmizin regionda sülh və sabitliyin təmin olunması istiqamətində atdığı növbəti addımdır. Görüş zamanı Azərbaycan tərəfi konstruktiv mövqeyini, sülh prosesinin irəliləməsi, qarşılıqlı etimadın gücləndirilməsi və regional əməkdaşlığın inkişaf etdirilməsi təşəbbüslərini bir daha nümayiş etdirdi. Bütün bunlar göstərir ki, ölkəmizin regionda sülh və sabitliyin təmin olunmasına yönələn səyləri davamlıdır və yaxın gələcəkdə Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmasına real imkanlar mövcuddur. Prezident İlham Əliyevin konstruktiv təşəbbüsləri və dialoq prinsiplərinə sadiqliyi bu prosesin irəliləməsinə mühüm töhfə verir.”

Azərbaycan BƏƏ əlaqə sülh

Xəbər Lenti