Çərşənbə, 4 Ferval, 2026
Tarix: 04 Feb 2026 18:52
“Prezident İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini Azərbaycan dövlətinə və onun liderinə beynəlxalq səviyyədə göstərilən yüksək etimadın, dərin hörmətin açıq ifadəsi kimi qiymətləndirirəm”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım deyib.
Deputat qeyd edib ki, bu mükafat Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayedin adına təsis edilib, Roma Papası və Əl-Əzhərin Böyük İmamı tərəfindən dəstəklənən, dünyada sülh, humanizm və insan qardaşlığı ideyalarını təşviq edən ən nüfuzlu qlobal təltiflərdən biri hesab olunur: “Məhz belə bir mötəbər beynəlxalq mükafata möhtərəm Prezidentimiz İlham Əliyevin layiq görülməsi onun apardığı prinsipial, ardıcıl və məsuliyyətli siyasətin beynəlxalq ictimaiyyət tərəfindən obyektiv şəkildə dəyərləndirildiyini bir daha təsdiqləyir.
Prezident İlham Əliyev uzun illər ərzində regionda 35 ilə yaxın davam etmiş münaqişənin başa çatdırılması, müharibədən sonra isə Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin formalaşdırılması üçün qətiyyətli siyasi iradə nümayiş etdirib. Azərbaycan bu gün sülh gündəliyini irəli sürən, dialoqa açıq və real nəticələrə yönəlmiş siyasət aparan ölkə kimi tanınır və bu siyasətin müəllifi məhz cənab Prezident İlham Əliyevdir”.
Deputat hesab edir ki, bu təltif, eyni zamanda, Azərbaycanın humanitar dəyərlərə, insan həmrəyliyinə və beynəlxalq əməkdaşlığa əsaslanan dövlət siyasətinin beynəlxalq aləmdə qəbul olunduğunu göstərir:
“Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi illərlə davam edən prinsipial mövqeyin, siyasi məsuliyyətin və sülhə aparan çətin, lakin doğru yolun məntiqi nəticəsidir. Bütün bunlarla yanaşı, bir həqiqət də var ki, cənab Prezident İlham Əliyev üçün ən böyük və əvəzolunmaz mükafat Azərbaycan xalqının etimadıdır. Xalqımız onu xilaskar, qalib sərkərdə və müzəffər Ali Baş Komandan kimi tanıyır. Cənab Prezident İlham Əliyev dövlətimizin qarşısında duran ən taleyüklü məsələlərin uğurla həllinə nail olmuş, bu gün də Azərbaycanı qətiyyətlə gələcəyə aparan, ölkəmizi ən yüksək zirvələrə yüksəldən böyük liderdir”.
Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycan dövləti Milli Məclisin deputatı Birləşmiş Ərəb Əmirlikləri Fatma Yıldırım