Kahramanmaraşda Heydər Əliyev adına məktəbdə “Qardaşlıq klubu” yaradılıb - FOTO

Tarix: 05 Feb 2026 16:24

Kahramanmaraşda “Qardaşlıq klubu” yaradılıb

Azərbaycan hökumətinin təşəbbüsü ilə Türkiyənin Kahramanmaraş vilayətində inşa edilən Heydər Əliyev adına ibtidai məktəbdə “Qardaşlıq klubu” yaradılıb.

APA-nın Kahramanmaraşa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə məktəbin direktoru Murat Demirçi məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin Kahramanmaraşda inşa etdiyi yaşayış məhəlləsi sakinlərin, xüsusilə də bu məktəbdə təhsil alan şagirdlərin rahatlığını təmin edir. Azərbaycana minnətdarlıq əlaməti olaraq məktəbin nəzdində “Qardaşlıq klubu” yaradılıb.

Bundan əlavə, o bildirib ki, məktəb Ümummilli Lider Heydər Əliyevin adını daşıdığı üçün hər il 10 may tarixində tədbirlər təşkil olunur.

Məktəb və uşaq bağçası müasir infrastruktura malikdir

Qeyd edək ki, Azərbaycan hökumətinin xətti ilə inşa edilən Heydər Əliyev adına ibtidai məktəb müasir üslubda tikilmiş üçmərtəbəli məktəb və uşaq bağçası binasından ibarətdir. Təhsil ocağında 20 ibtidai sinif otağı və üç uşaq bağçası sinfi fəaliyyət göstərir. Burada, həmçinin laboratoriya, musiqi otağı, sənətkarlıq və incəsənət emalatxanaları, eləcə də texnologiya, riyaziyyat və mühəndislik otaqları mövcuddur.

Məktəb 2024-cü ilin sentyabrında istifadəyə verilib

Heydər Əliyev adına ibtidai məktəb 2024-cü ilin sentyabr ayında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin milli təhsil naziri Yusuf Tekinin iştirakı ilə keçirilən mərasimdə istifadəyə verilib.

Dəryanur Cəfərova Türkiyə Azərbaycan Kahramanmaraş məktəb

Xəbər Lenti