Cümə, 20 Ferval, 2026
Tarix: 20 Feb 2026 11:04
Ermənistanda iyun ayında keçiriləcək parlament seçkilərində hakim Vətəndaş Müqaviləsi Partiyasının qalib gələcəyi gözlənilir.
"APA-Economics" xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən beynəlxalq iqtisadi araşdırma mərkəzi “Oxford Economics”in proqnozunda bildirilib.
Qeyd olunub ki, hakim partiyanın qələbəsi Konstitusiyadan Qarabağa istinadların çıxarılması üçün referendumun keçirilməsinə yol aça bilər. Analitiklər hesab edirlər ki, bu addım ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş Azərbaycan-Ermənistan birgə bəyanatının ratifikasiyasını asanlaşdıracaq və regionda ticarət və nəqliyyat əlaqələrinin bərpasına şərait yaradacaq. Nəqliyyat-kommunikasiya xətlərinin açılması Ermənistan iqtisadiyyatı üçün əlavə impuls yaradaraq investor etimadını gücləndirə bilər.
Bununla yanaşı, “Oxford Economics” Ermənistan iqtisadiyyatında artımın davam etdiyini, lakin makroiqtisadi risklərin gücləndiyini vurğulayıb. Qurumun baş iqtisadçısı Mateusz Urban bildirib ki, islahat mandatının davamı iqtisadiyyatın həddindən artıq genişlənməsi riskini artıra bilər.
Onun sözlərinə görə, hakim partiyanın modernləşmə və infrastruktur layihələri çərçivəsində dövlət investisiyalarını artıracağı gözlənilir. Dövlət borcu hazırda idarəolunan səviyyədə olsa da, pro-siklik fiskal siyasət iqtisadi buferləri zəiflədə və son dövrdə investorların ölkə ilə bağlı yaxşılaşan gözləntilərini geri çevirə bilər.
Rahim Tarıverdiyev Azərbaycan Ermənistan parlament seçkiləri Vətəndaş Müqaviləsi Konstitusiya Qarabağ referendum