Çərşənbə, 28 Oktyabr, 2026
Tarix: 28 Oct 2026 05:23
ABŞ-ın Federal Həbsxanalar Bürosu penitensiar müəssisələrdə rabitə sistemlərinin yenilənməsi üçün “Motorola” şirkəti ilə 140 milyon dollarlıq müqavilə imzalayıb.
“Bloomberg” agentliyinin məlumatına görə, müqavilə çərçivəsində növbəti iki il ərzində köhnəlmiş radiostansiyalar və dispetçer idarəetmə avadanlıqları dəyişdiriləcək.
Büronun planlarına əsasən, ümumilikdə 22 min yeni radiostansiya istifadəyə veriləcək.
Yeni avadanlıqlar mobil rabitə şəbəkələrinə qoşulmanı dəstəkləyəcək. Bundan başqa, xüsusi sensorlar həbsxana əməkdaşının yıxıldığını müəyyən etdikdə avtomatik həyəcan siqnalı göndərəcək.
“Motorola” şirkətinin əməliyyat direktoru Cek Molloy bildirib ki, modernləşdirmə həbsxana əməkdaşlarının mobil rabitə siqnalının olmadığı ərazilərdə belə bir-biri ilə əlaqə saxlamasını asanlaşdıracaq.
Federal Həbsxanalar Bürosunun direktoru Uilyam Marşall isə rabitə sisteminin yenilənməsini əməkdaşların və müəssisələrin təhlükəsizliyinə mühüm investisiya kimi qiymətləndirib.
Qeyd edək ki, qurumun tabeliyində 118 penitensiar müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə 34 mindən çox əməkdaş çalışır, məhbusların sayı isə 150 mini ötür.
ABŞ Motorola Bloomberg Federal Həbsxanalar Bürosu həbsxanalar rabitə sistemləri radiostansiyalar təhlükəsizlik 140 milyon dollar
Mənbə: apa.az