Çərşənbə, 28 Oktyabr, 2026
Tarix: 28 Oct 2026 01:42
ABŞ Prezidenti Donald Tramp Venesuelanın Birləşmiş Ştatların tərkibinə daxil edilərək ölkənin 51-ci ştatına çevrilməsi ideyasını irəli sürüb.
APA xəbər verir ki, Tramp bu barədə Texas ştatının Korpus-Kristi şəhərində keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı danışıb.
“Venesuelaya təşəkkür etmək istəyirəm. Münasibətlərimiz çox yaxşı, hətta möhtəşəm olub”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp Venesuelanın gələcəkdə çiçəklənən ölkəyə çevriləcəyini qeyd edərək onun ABŞ-a birləşdirilməsi ehtimalından danışıb.
“Kim bilir, bəlkə də tezliklə o, Amerikanın çiçəklənən 51-ci ştatına çevriləcək. Bu, mümkündür. Gəlin onu 51-ci ştat edək”, – deyə Tramp söyləyib.
ABŞ Prezidenti Venesuelada prezident deyil, qubernator seçkilərinin keçirilməsini də təklif edib.
“Orada prezident deyil, qubernator seçkiləri keçirək. Bu ideya necədir? Xoşunuza gəlir? Mənim xoşuma gəlir”, – deyə o, mitinq iştirakçılarına müraciət edib.
Tramp həmçinin ABŞ ilə Venesuela arasında iri həcmli yanacaq sazişinin imzalandığını xatırladıb.
Onun sözlərinə görə, ABŞ hazırda digər ölkələrlə müqayisədə daha böyük neft ehtiyatlarına malikdir. Tramp Venesueladan alınan neftin Texasda emal ediləcəyini bildirib.
ABŞ Venesuela Donald Tramp 51-ci ştat Korpus-Kristi Texas prezident seçkiləri qubernator neft yanacaq sazişi
Mənbə: apa.az