Çərşənbə, 28 Oktyabr, 2026
Tarix: 27 Oct 2026 23:04
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanın Birbaşa İnvestisiyalar Fonduna (RBİF) qarşı tətbiq edilən sanksiyaların ləğvi imkanını nəzərdən keçirir.
“The New York Times” qəzetinin məlumatına görə, bu barədə danışıqların gedişindən xəbərdar olan mənbələr bildiriblər.
Məlumata əsasən, Rusiya tərəfi ABŞ-a dizel yanacağının tədarükünün təşkilində fondun iştirakına dair danışıqlar çərçivəsində məhdudiyyətlərin aradan qaldırılmasına çalışır.
ABŞ rəsmilərindən biri Vaşinqtonun fondun sanksiya siyahısından çıxarılması ilə bağlı müraciətini müəyyən edilmiş prosedura uyğun nəzərdən keçirdiyini təsdiqləyib.
O, bu addımın Rusiya-ABŞ münasibətlərinin yaxşılaşdırılması və Ukraynadakı münaqişənin həllinə kömək göstərilməsi məqsədi daşıdığını bildirib.
Nəşrin yazdığına görə, Rusiya Birbaşa İnvestisiyalar Fondu Rusiya dizel yanacağının amerikalı alıcılara çatdırılmasında vasitəçi qismində çıxış etməyi təklif edib. Bunun üçün mövcud sanksiyaların yumşaldılması tələb oluna bilər.
Bununla belə, ABŞ Maliyyə Nazirliyi hesab edir ki, oktyabrın 9-da Rusiya dizel yanacağına qarşı sanksiyaların tətbiqinin müvəqqəti dayandırılması fondun müvafiq əməliyyatlarda iştirakına artıq imkan yaradır.
Mənbələrin sözlərinə görə, fondun sanksiya siyahısından tamamilə çıxarılması üçün məhdudiyyətlərin tətbiqinə səbəb olan əsasların artıq mövcud olmadığını sübut etmək lazımdır.
Məsələ ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.
ABŞ Rusiya Donald Tramp sanksiyalar Rusiya Birbaşa İnvestisiyalar Fondu RBİF The New York Times dizel yanacağı neft məhsulları Vaşinqton Moskva Ukrayna
Mənbə: apa.az