Emal edilməmiş almazın idxalı, ixracı və izlənməsiylə bağlı dövlət nəzarəti mexanizmi yaradılır

Tarix: 20 Feb 2026 11:50

Azərbaycanda emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarəti mexanizmi yaradılır.

APA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanuna təklif edilən əlavələr müzakirəyə çıxarılıb.

Əlavələrə əsasən, emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Azərbaycan Respublikasında emal edilməmiş almazların idxalı və ixracı yalnız "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə üzv dövlətlərdən həyata keçirilə bilər. Emal edilməmiş almazların idxalı və ixracı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında həyata keçiriləcək.

Bu tələbləri pozan şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyacaqlar.

Qanun qəbul edildikdən sonra "Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi və emal edilməmiş almazın ixracı ilə əlaqədar "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları" təsdiq ediləcək.

Xatırladaq ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamında emal edilməmiş almaza dövlət nəzarəti sahəsindəki fəaliyyətin rəqəmsallaşdırılması, bu sahədə mühafizənin təşkili, müvafiq laboratoriyaların yaradılması və bu kimi digər təşkilati məsələlər də nəzərdə tutulub.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Firuzə Vahid almaz dövlət nəzarəti mexanizmi

Xəbər Lenti