Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 02 Mar 2026 22:54
Gürcüstanın doqquz müxalifət partiyası alyans formalaşdırıb.
APA-nın yerli bürosu xəbər verir ki, yeni birliyə "Axali", "Qirçi" "Droa", Avropalı Gürcüstan, Vahid Milli Hərəkat, "Ağmaşenebeli strategiyası", "Federalistlər", Milli Demokratik Partiya və "Azadlıq meydanı" siyasi təşkilatları daxil olub.
"Müxalifətin alyansı"nın üzvləri arasında əldə olunmuş razılaşmada bildirilir ki, məqsəd Gürcüstandakı "avtokratik rejimə" son qoymaq, ölkənin avroatlantik kursunun bərpası və demokratik idarəetmənin, ölkənin təhlükəsizliyi və vətəndaşların rifahını təmin etməkdən ibarətdir.
Sənəddə qeyd olunub ki, alyansa daxil olan siyasi birliklər ideoloji identikliyini qoruyub saxlayacaqlar, lakin vahid strategiya əsasında hərəkət edəcəklər.
Digər aparıcı müxalif "Lelo - Güclü Gürcüstan" və "Qaxariya Gürcüstan naminə" partiyaları alyansa qoşulmayıblar.
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkə hesabında alyansın yaradılması prosesinə cəlb olunduğunu yazıb. Onun sözlərinə görə, müxalifət partiyalarının birləşməsi birliyə doğru vacib addımdır.
Alyansın yaradılmasını şərh edən hakim "Gürcü Arzusu" partiyasının parlament fraksiyasının rəhbəri İrakli Kirtsxaliya birliyi klounada adlandırıb. O qeyd edib ki, alyansda bir araya gələn qüvvələr heç vaxt parçalanmış vəziyyətdə olmayıblar və Gürcüstanın əleyhinə həmişə birgə fəaliyyət göstəriblər.
Cəmilə Babayeva