Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 03 Mar 2026 14:21
Polşa səfiri Pavel Radomskinin APA-ya müsahibəsi
Azərbaycan-Polşa münasibətləri kifayət qədər yaxşıdır
- Cənab səfir, ilk növbədə ikitərəfli münasibətlər barədə soruşmaq istərdim. Polşa və Azərbaycan çox yaxşı münasibətlərə malikdir. Sizin fikrinizcə, bu əlaqələri daha da gücləndirmək üçün hansı əlavə addımlar atıla bilər?
- Həqiqətən də, qeyd etdiyiniz kimi, Azərbaycan–Polşa münasibətləri çox yaxşıdır və bu əlaqələr tarixən də çox möhkəm olub. İcazə verin, Bakının tarixində iz qoymuş polşalı memar və mühəndisləri xatırlayım. Onların irsi münasibətlərimizin əsasını təşkil edir və ölkələrimiz arasında əməkdaşlığın davamlı inkişafına töhfə verir.
Əlimizdə klassik diplomatiya alətləri var — məsləhətləşmələr, qarşılıqlı səfərlər və müxtəlif səviyyələrdə görüşlər. Hesab edirəm ki, bu imkanlardan daha səmərəli istifadə edə bilərik. Mövcud mexanizmlərdən düzgün yararlanmaq və yüksək səviyyəli təmasları daha da intensivləşdirmək prioritetlərim sırasındadır. Düşünürəm ki, bu sahədə əlavə inkişaf üçün imkanlar mövcuddur.
Digər tərəfdən, münasibətlərimizin iqtisadi ölçüsü daha çox diqqətə layiqdir. Bu sahədə istifadə olunmamış əhəmiyyətli potensial var.
Hər iki tərəfdə daha güclü əməkdaşlıq üçün imkanlar var
- Mövcud iqtisadi münasibətləri necə qiymətləndirirsiniz və ticarət dövriyyəsinin artırılması imkanlarını necə görürsünüz?
- Hazırda ticarət münasibətlərimiz möhkəmdir, lakin şübhəsiz ki, hər iki tərəf üçün əməkdaşlığın daha da gücləndirilməsi imkanları mövcuddur. Potensial yalnız ticarət sahəsində deyil, həm də investisiyalar və biznes strukturlarının qarşılıqlı genişlənməsi baxımından var.
Polşa tərəfinin baxışına görə bir neçə prioritet sahə mövcuddur. Buraya bərpa olunan enerji mənbələri və “yaşıl” texnologiyalar, "ağıllı şəhər"lər və infrastruktur, kənd təsərrüfatı və qida emalı, nəqliyyat və logistika daxildir. Səfirliyimiz müxtəlif sektorlar üzrə Azərbaycanda mövcud imkanlara Polşa biznes dairələrinin diqqətini cəlb etməyə çalışır. Biz sahibkarlarımıza və şirkətlərimizə bu imkanları kəşf etməkdə, onları daha yaxından araşdırmaqda və məhsul və xidmətlərini təqdim etmək üçün Azərbaycana gəlməkdə dəstək göstəririk. Əlbəttə, bizim son dərəcə mühüm hökumətlərarası mexanizmimiz də mövcuddur. İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəal şəkildə fəaliyyət göstərir. Onun son iclası ötən ilin noyabr ayında Varşava şəhərində keçirilib və olduqca məhsuldar olub. Ümid edirik ki, növbəti iclas yaxın zamanda Bakıda baş tutacaq. Varşavada keçirilən görüş biznes forumu ilə müşayiət olunmuşdu ki, bu da işgüzar dairələr arasında birbaşa əlaqələr üçün platforma rolunu oynadı. Ümid edirəm ki, bu format tezliklə Bakıda da təkrarlanacaq.
Polşa biznesinin bu böyük layihənin bir hissəsi olmaq üçün imkanlar axtarması təbiidir
- Polşa şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpası prosesində iştirak etməkdə maraqlıdırmı?
- Polşa tərəfi bu məsələyə böyük maraq göstərir. Biz Qarabağın bərpasının Azərbaycan və onun hökuməti üçün həm miqyas, həm də strateji əhəmiyyət baxımından nə qədər vacib olduğunu anlayırıq. Artıq genişmiqyaslı investisiyalar və infrastruktur layihələri həyata keçirilir. Bu kontekstdə Polşa biznes dairələrinin bu böyük layihənin bir hissəsinə çevrilmək imkanlarını axtarması təbiidir. Hələlik şirkətlərimiz konkret hər hansı bir layihədə iştirak etməsə də, biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik.
Avropa İttifaqına üzv daha çox ölkənin Azərbaycandan təbii qaz və neft aldığını müşahidə edirik
- Varşava Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində rolunu necə qiymətləndirir?
- Biz Cənubi Qafqazı qlobal enerji resursları sisteminin çox mühüm bir hissəsi kimi qiymətləndiririk. Hesab edirəm ki, Azərbaycanın və ümumilikdə regionun əhəmiyyəti 2022-ci ildə Rusiyanın Ukraynana qarşı təcavüzünün başlanmasından sonra daha da aydın şəkildə üzə çıxıb. Bu kontekstdə təhlükəsiz dəhlizlər və etibarlı nəqliyyat marşrutları məsələsi əsas əhəmiyyət kəsb edir. Azərbaycandan təbii qaz və neft alan Avropa İttifaqına üzv ölkələrin sayı getdikcə artır. Hesab edirəm ki, enerji mənbələrinin şaxələndirilməsinə ehtiyac olduğu üçün bu tendensiya davam edəcək və daha da güclənəcək.
İcazə verin, daha bir məqama — “yaşıl enerji” məsələsinə toxunum. Azərbaycanın bu sahəyə nə dərəcədə ciddi investisiya yatırdığını böyük maraqla izləyirik. Polşada və ümumilikdə Avropa İttifaqında bu istiqamətin inkişafına böyük maraq var. Buna görə də düşünürəm ki, bu sahədə əməkdaşlığımızın perspektivləri kifayət qədər genişdir.
Polşanın təhlükəsizliyi Ukraynanın təhlükəsizliyi ilə sıx bağlıdır
- Siz Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropanın enerji təhlükəsizliyinə təsirindən danışdınız. Rusiya–Ukrayna müharibəsi həm Avropanın təhlükəsizliyinə, həm də ümumilikdə kollektiv təhlükəsizlik sisteminə təsir göstərib. Polşa milli təhlükəsizliyini təmin etmək üçün hansı addımları atır?
- Bəli, şübhəsiz ki, bizim təhlükəsizliyimiz Ukraynanın təhlükəsizliyi ilə sıx bağlıdır. Bir neçə gün əvvəl Rusiyanın Ukraynaya qarşı barbar təcavüzünün dördüncü ildönümünü qeyd etdiyimiz bir vaxtda, icazə verin, Ukrayna xalqına ölkələrini cəsarətlə müdafiə etdikləri və eyni zamanda, Avropanın təhlükəsizliyini qoruduqları üçün dərin minnətdarlığımızı ifadə edim.
Təkcə Polşa yox, bütün Avropa Ukraynanın ölçüyəgəlməz fədakarlığına, döyüş meydanında itirdiyi oğul və qızlarına görə minnətdar olmalıdır. Ukraynaya dəstək göstərmək bizim mənəvi borcumuzdur. Eyni zamanda, biz bunu öz maraqlarımız naminə də edirik. Ukraynaya dəstək verməklə, biz öz ölkəmizin təhlükəsizliyini və sabitliyini dəstəkləmiş oluruq.
Bunu necə edirik? Müxtəlif formalarda dəstək göstərməklə: hərbi yardım, avadanlıq təchizatı və təlim proqramları vasitəsilə.
Polşa Avropanın təhlükəsizliyini gücləndirmək üçün bir sıra konkret və praktiki addımlar atır. Maliyyə aspektinə nəzər salaq: hazırda biz ÜDM-in 4,8 faizini müdafiə xərclərinə ayırırıq. Bu göstərici NATO ölkələri arasında ən yüksək səviyyələrdən biridir.
Biz Polşanın şərq sərhədinin təhlükəsizliyinə ciddi investisiyalar yatırırıq. “Şərq Qalxanı” adlı genişmiqyaslı müdafiə baryeri proqramımız var. Bu proqram müxtəlif növ müdafiə tədbirlərini, o cümlədən antidron, tank əleyhinə və əks-kəşfiyyat sistemlərini əhatə edir. Başqa sözlə, bu, hazırda həyata keçirilən çoxşaxəli və iri miqyaslı investisiya layihəsidir.
Biz, həmçinin orduda xidmət edən şəxsi heyətin sayını artırmışıq və silahlı qüvvələrimizi modernləşdiririk. Bütün bunlar uzunmüddətli, ciddi tədbirlərdir və əhəmiyyətli maliyyə resursları tələb edir. Eyni zamanda, NATO və Avropa İttifaqı çərçivəsində biz müdafiə xərclərinin artırılmasını, silahlı qüvvələrin daha da modernləşdirilməsini və ümumilikdə Avropanın müdafiə potensialının gücləndirilməsini fəal şəkildə təşviq edirik.
İcazə verin, bir konkret və çox mühüm nümunəni qeyd edim. 2025-ci ildə Polşanın Aİ Şurasına sədrliyi dövründə Aİ SAFE adlı proqram qəbul edib. SAFE “Security Action for Europe” (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) ifadəsinin qısaltmasıdır. Bu proqram Aİ ölkələrinə çox əlverişli şərtlərlə uzunmüddətli maliyyələşmə təklif edən 150 milyard avro dəyərində kredit mexanizmini nəzərdə tutur. Bu 150 milyard avrodan Polşa təxminən 44 milyard avro alacaq. Bu, çox böyük məbləğdir və biz bu vəsaitləri uzunmüddətli perspektivdə genişmiqyaslı modernləşmə prosesinə yönəldəcəyik. Biz bunu tərəfdaşlarımızla birlikdə həyata keçirə bilərik — təkcə Aİ tərəfdaşları ilə yox, həm də Ukrayna ilə. Bu, xüsusilə ABŞ kimi əsas müttəfiqlər üçün daha etibarlı tərəfdaşa çevrilmək istiqamətində atılmış çox mühüm və konkret addımdır.
- İcazənizlə Rusiya–Ukrayna müharibəsindən yenidən Cənubi Qafqaza qayıdaq. Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə bağlı fikirlərinizi də bilmək istərdim.
- Polşa sülh prosesinin uğurla irəliləməsini böyük məmnunluqla qarşılayır. Hesab edirik ki, ötən ilin 8 avqust tarixində Vaşinqton şəhərində keçirilmiş sammit həm Prezident İlham Əliyev, həm Baş nazir Nikol Paşinyan, həm də hər iki xalq üçün böyük uğurdur.
Biz əminik ki, Cənubi Qafqazda sülh həm regional əməkdaşlıq baxımından, həm də Avropa ilə əlaqələrin və əməkdaşlığın genişləndirilməsi istiqamətində tamamilə yeni imkanlar və perspektivlər açır. Hesab edirəm ki, Ermənistanla münasibətlərin sabitləşməsi və normallaşmasından irəli gələn faydaları artıq görməyə başlayırıq. Hazırda Orta Dəhlizin Naxçıvandan keçən hissəsinin yenidən qurulmasında Avropa İttifaqının geniş iştirakına dair müzakirələr aparılır. Bu, sülh və sabitliyin hökm sürdüyü bir regionda birlikdə nələrə nail ola biləcəyimizin yalnız bir nümunəsidir.
Toğrul Quluzadə Polşa səfiri Pavel Radomski Azərbaycan-Polşa münasibətləri Orta Dəhliz Naxçıvan Avropa İttifaqı enerji təhlükəsizliyi azad edilmiş ərazilər Qarabağ Cənubi Qafqaz Rusiya–Ukrayna müharibəsi Azərbaycan və Ermənistan arasında normallaşma