Bazar ertəsi, 25 May, 2026
Tarix: 25 May 2026 19:08
"Gürcüstan-Azərbaycan münasibətləri ildən-ilə hər istiqamətdə dinamik inkişaf edir".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan səfirliyinin 28 May — Müstəqillik Günü münasibətilə Tbilisidə təşkil etdiyi rəsmi qəbulda çıxışı zamanı deyib.
Spikerin sözlərinə görə, ölkələr arasında münasibətlər bir-birinin suverenliyi, müstəqilliyi və maraqlarına hörmətə və səmimi dialoqa əsaslanır.
Papuaşvili qeyd edib ki, Gürcüstan hər zaman Cənubi Qafqazda sülh və tərəqqini dəstəkləyib.
"Gürcüstan qonşu ölkələrlə regionda sülh quruculuğu istiqamətində bundan sonra da birgə işi davam etdirəcək", - spiker əlavə edib.
O, Azərbaycan dövlətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, dost və qardaş ölkəyə sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev isə çıxışında deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümünün Tbilisidə qeyd olunması rəmzi məna daşıyır. O, 1918-ci ilin mayın 28-də Azərbaycan dövlətinin ilk müstəqilliyinin məhz Gürcüstan paytaxtında elan edildiyini xatırladıb.
Səfir dostluq, qardaşlıq və mehriban qonşuluğa əsaslanan Azərbaycan-Gürücüstan münasibətlərinin, iki ölkə arasında strateji tərəfdaşlığın bu gün də yüksək səviyyədə inkişaf etdirildiyini bildirib.
Qeyd edək ki, tədbirdə Gürcüstanın hökumət rəsmiləri, parlament üzvləri, diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər, azərbaycanlı icmanın üzvləri iştirak ediblər. Öncə Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib, daha sonra Müstəqillik Gününə həsr olunan videoçarx nümayiş etdirilib.
Rəsmi hissədən sonra konsert proqramı təqdim olunub. Azərbaycanın Əməkdar artisti, xanəndə Təyyar Bayramov muğam və xalq mahnıları ilə çıxış edib. Gürcüstanın Birinci kanalında yayımlanan “Ranina” uşaq müsabiqəsinin iştirakçısı "Şən Azərbaycan" mahnısını ifa edib.
Cəmilə Babayeva Gürcüstan


Mənbə: apa.az